İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir

13:20 15-05-2023 276

     Sirr deyil ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə qələbəyə nail olmaq variantını da nəzərə çarpdırmışdır. Lissabon sammitində ölkəmizin ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət tərəfindən bir daha yekdilliklə tanınması və Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağdakı ərazilərimizin işğaldan azad edilməsi haqqındakı qətnamələrinin yerinə yetirilməsinin dəstəklənməsi Ulu Öndər Heydər Əliyevin apardığı müdrik siyasətin uğurlu nəticəsi idi. Görkəmli dövlət xadimi Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həll edilməsinin formatını müəyyən etmiş, beynəlxalq miqyasda həmin formatın obyektivliyi haqqında ictimai  rəy formalaşdırmışdır. Bu məqsədlə, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış və ordumuzun peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. Ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək və zəruri hazırlıq işlərini aparmaq baxımından vaxt və imkan qazanması üçün atəşkəs sazişinə nail olması da Ulu Öndərin tarixi xidmətlərindəndir. Ali Baş Komandan kimi Heydər Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Horadizin düşməndən azad edilməsi ilə Azərbaycan torpaqlarının müharibə yolu ilə alınmasının mümkünlüyü sınaqdan çıxarılmışdır. Bütün bunlarla bərabər, Azərbaycan xalqının Dağlıq Qarabağda və ətraf ərazilərdə tam, qəti qələbəyə nail olması kimi tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev həyata keçirmişdir. Bu məqsədlə ölkə Prezidenti, cənab İlham Əliyev ilk növbədə Azərbaycan Respublikasını iqtisadi cəhətdən inkişaf etdirilmiş ölkələrin səviyyəsinə çatdırmaq vəzifəsini uğurla yerinə yetirmişdir. Ölkəmizə rəhbərlik etdiyi illər ərzində İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi cəhətdən bütün sahələrdə şaxələnmiş böyük inkişafa nail olmağı təmin etmişdir. Davos İqtisadi Forumu və bir çox nüfuzlu beynəlxalq maliyyə qurumları müstəqil Azərbaycan Respublikasının iqtisadi göstəricilərinə görə regionda və dünyada ən yüksək reytinqə malik olan dövlətlərdən birinə çevrildiyini dönə-dönə, dəfələrlə bəyan etmişlər. Ölkə Prezidenti, cənab İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Dağlıq Qarabağda böyük Qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar: şəxsi heyət arasında azərbaycançılıq, hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı qazandırmışdır. Dövlət başçımızın Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılması və bu qurumun normal iş fəaliyyətinin təşkil edilməsi də Böyük Zəfərin qazanılması yolunda atılmış əhəmiyyətli addımlardan biridir. Azərbaycan Respublikasının dövlət büdcəsində ordu quruculuğuna, hərbi xərclərə ayrılan vəsaitin Ermənistan Respublikasının ümumi büdcəsindən çox olmasının təmin edilməsi sülh və danışıqlar yolu ilə yanaşı, zərurət yarandığı təqdirdə müharibə versiyasının işə salınmasına dövlət səviyyəsində aparılan hazırlıqların mühüm göstəricilərindən biri idi. Buna görə də, hələ neçə illər bundan qabaq ən nüfuzlu beynəlxalq hərbi ekspertlər Azərbaycan ordusunu bütün əsas göstəricilərinə görə dünyanın ən güclü əlli ordusundan biri hesab etmişdilər. Ölkə Prezidenti, cənab İlham Əliyev Qarabağ - Vətən müharibəsinə mühüm hazırlıqlardan sonra, inkişaf etmiş Azərbaycan Ordusu və vətənpərvər Azərbaycan əsgəri ilə başlamışdır. Ali Baş Komandan, cənab İlham Əliyev bundan əvvəl 2016-cı ildə Lələtəpədə və 2018-ci ildə Naxçıvanda uğurlu döyüş əməliyyatlarına rəhbərlik edərək, torpaqlarımızın bir hissəsini düşməndən azad etməyə nail olmaqla sonralar başlayacağı Vətən müharibəsinin məşqlərini keçmişdir. Cəbhədəki uğurlu Lələtəpə, Naxçıvan əməliyyatları və Cocuq Mərcanlı qəsəbəsinin salınması vaxtilə görkəmli dövlət xadimi Heydər Əliyevin Horadizi düşməndən xilas edərək, təmas xəttində normal həyatı bərqərar etməsinin yaradıcı şəkildə davam etdirilməsi kimi də mühüm əhəmiyyətə malik hadisə idi. Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması, planetimizdə etibarlı müttəfiqlərin və tərəfdarların qazanılması da Qələbəyə doğru gedən yolun əhəmiyyətli hadisəsidir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına, Avropa Birliyi Nazirlər Şurasına sədrlik etməsi, dünya ölkələri, xüsusən region dövlətləri ilə qurulmuş və inkişaf etdirmiş əlaqələrə nail olması və sair kimi mühüm addımlar ölkəmizin beynəlxalq miqyasdakı mövqelərini daha da möhkəmləndirmişdir. Beynəlxalq təşkilatlar və region dövlətləri arasında ölkəmizin qazandığı böyük etimad gələcək Böyük Zəfərin əldə edilməsinin əsas faktorlarından biri olmuşdur. Beynəlxalq münasibətlərdə illər uzunu birtərəfli qaydada seçilmiş hər hansı ölkələr qrupu ilə deyil, Şərqdə də, Qərb masştabında da demək olar ki, bütün ölkələrlə sağlam əlaqələr yaradan Azərbaycan Respublikasının qazandığı yüksək etimad Vətən müharibəsində dövlətimizin haqlı mövqeyinin düzgün qavranılmasını və dəstəklənməsini şərtləndirmişdir. Təməli böyük uzaqgörənliklə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş "Bir millət - iki dövlət" düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindəndir. Vaxtilə Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisində səsləndirdiyi "Tək millət - iki dövlət" kəlamı əvvəlcə hər iki ölkədə atalar sözünə çevrilmiş, tədricən daha da dərinləşərək iki qardaş ölkə arasındakı münasibətlərin strategiyası statusu qazanmışdır. Dünyanın istənilən ölkəsi ilə müqayisədə Azərbaycan Respublikasında yaranmış çox möhkəm xalq-iqtidar birliyi də Böyük Zəfərə təminat vermişdir. Vətən müharibəsində Ali Baş Komandan, cənab İlham Əliyevin ən böyük dayağı Azərbaycan xalqı olmuşdur. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, əlli milyondan çox Azərbaycan xalqı Vətən müharibəsində birmənalı şəkildə ölkə Prezidenti, cənab İlham Əliyevi yüz faiz dəstəkləmişdir. Bu məqamda Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi, diaspor təşkilatlarının yaradılması və fəaliyyətinə dövlət səviyyəsində dəstək verilməsi etibarlı təməl rolunu oynamışdır. Çoxmilyonlu Azərbaycan xalqının lideri kimi, cənab İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırmışdır. Ölkə Prezidenti, cənab İlham Əliyevin Vətən müharibəsi dövründə, eləcə də, tarixi Zəfərdən sonra Azərbaycan xalqına etdiyi müraciətlərdə, dünyanın müxtəlif ölkələrinin otuzdan çox aparıcı xəbər agentliklərinə Azərbaycan, türk, rus və ingilis dillərində verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq, sərrast cavablar, xalqımıza, ordumuza sarsılmaz inam, istənilən vəziyyətdə manevr etmək qabiliyyəti müharibənin taleyində xüsusi rol oynamışdır. Ali Baş Komandan kimi, cənab İlham Əliyev həm siyasi-ideoloji cəbhədə, informasiya müharibəsində, həm də, birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş etdirmişdir. Qətiyyətlə demək olar ki,  ölkə Prezidenti, cənab İlham Əliyevin Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə Vətən müharibəsində döyüşən orduda da artıq Qələbəyə xidmət etmişdir. Ali Baş Komandan şiddətli döyüşlərin getdiyi ən çətin günlərdə nüfuzlu dünya informasiya agentliklərinə verdiyi dəmir məntiqə əsaslanan dərin məzmunlu müsahibələrlə beynəlxalq ictimai rəydə müharibəni udmuşdur. Dünya ölkələri Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin timsalında yüksək hazırlığa, qeyri-adi bacarıqlara və geniş dünyagörüşə malik olan fərqli bir liderlə qarşılaşmışdır. Hərtərəfli hazırlıq səviyyəsi, yüksək intellektual qabiliyyətləri, dönməz iradəsi və qətiyyəti etibarilə, cənab İlham Əliyev rəqabətdə dünya liderlərinin mütləq əksəriyyətindən qabağa getmişdir. Həqiqi bir qüdrətli Liderə malik olmaq baxımından isə hamıdan çox Azərbaycan xalqı qazanmışdır. Ölkə Prezidenti, cənab İlham Əliyev nəinki dünya liderlərinin ön sırasına çıxmış, mənsub olduğu xalqı, rəhbərlik etdiyi ölkəni də böyük xalqların, dövlətlərin cərgəsinə yüksəltməyi bacarmış və Vətən müharibəsində qazandığı böyük Zəfərlə çoxəsrlik Azərbaycan tarixinə müasir dövrün Qalib Ali Baş Komandanı, eləcə də, Müzəffər Dövlət Rəhbəri kimi daxil olmuşdur.

     Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə Şuşanın alınması günündə, əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyi vaxtda Fəxri xiyabana gedərək, xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi 44 günlük Vətən müharibəsi dövrünün ən təsirli, unudulmaz tarixi hadisələrindən biridir. Bu ibrətamiz hadisə ilə ölkə Prezidenti, cənab İlham Əliyev 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir. Dövlətçilik baxımından son dərəcə əhəmiyyətli olan bu mühüm hadisə siyasi varislik cəhətdən də mühüm əhəmiyyətə malikdir. Fəxri xiyabandakı ziyarət aktı müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının hansı miqyasda və necə həyata keçirməyin bariz nümunəsidir. Müasir Azərbaycan tarixinin nadir səhifəsi olan bu ziyarət anı yeni nəsillərin ideya-siyasi və mənəvi tərbiyəsi üçün də xüsusi öyrənilməyə layiq ibrətamiz hadisə kimi də böyük əhəmiyyət kəsb edir.      

    Ölkə Prezidenti, cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilmiş 8 Noyabr “Zəfər Günü” çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan, cənab İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər Paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu, "Bir millət - iki dövlət" strategiyasının real təntənəsidir. Böyük “Zəfər Günü” gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır. Ali Baş Komandan, cənab İlham Əliyevin və qəhrəman Azərbaycan ordusunun qazandığı Böyük “Zəfər Günü” ölkəmizə, regiona, eləcə də, bütün dünyaya daha böyük zəfərlər vəd edir.

 

 Müşfiq Səfər,

   Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının sədri.