Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhvolmaqdan və parçalanmaqdan xilas etdi

14:43 16-06-2023 282

   Hər bir xalqın tariximizdə elə mühüm günlər var ki, bu günləri heç vaxt unutmur. Belə günlərdən biri də, tariximizə əbədi həkk olunmuş 15 İyun – Milli Qurtuluş Günüdür. Həmin gün xalqımız üçün sadəcə təqvim bayramı deyil, ictimai, siyasi və tarixi əhəmiyyətə malik, Azərbaycanın xilas olduğu gündür. Məhz bu gündən başlayaraq, ölkəmiz yeni mərhələyə qədəm qoydu. Həmin gün ölkəmizin parçalanmaqdan, dünya xəritəsindən silinməkdən, vətəndaş qarşıdurmasından, xaos, anarxiya, özbaşınalıqdan xilas olmasının başlanğıcıdır, qurtuluş tarixidir. Bu tarixi yaradan isə, dövlət idarəçiliyində zəngin təcrübəsi olan, daim xalqına arxalanan, mərd oğul və qızlarımızın qanı bahasına qazanılmış müstəqilliyimizin qorunub saxlanmasında, əbədiyyətə çevrilməsində müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyevdir. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı uzun müddətdən sonra, 1991-ci ilin oktyabr ayında öz müstəqilliyinə yenidən qovuşsa da, təəssüf ki, müstəqilliyin ilk illərində həm siyasi hakimiyyətdə, həm də, dövlətin bütün təsisatlarında bir boşluq, yerlərdə isə, mərkəzi hakimiyyətə inamsızlıq hökm sürürdü. Yaranmış fürsətdən istifadə edən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaradırdı. Ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması, bütövlükdə, Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planını tam gücü ilə reallaşdırmağa hesablanmışdı. Bütün bunların fonunda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz edərək  hərtərəfli xarici dəstəklə həyata keçirdiyi işğalçılıq siyasəti vəziyyəti daha da gərginləşdirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət, məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Belə bir çətin vəziyyətdə – 1993-cü il iyun ayının 9-da müstəqil Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı olan parlaq səhifə açıldı. Azərbaycan xalqı müdriklik göstərdi və 1993-cü ildə – vətəndaş müharibəsi ərəfəsində Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev xal­qın təkidli tələbi ilə Bakıya gəldi, iyun ayının 15-də isə,  Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Siyasi rəhbərliyə dəvət edilən Ulu Öndərin müdrikliyi, cəsarəti, millətə olan məhəbbəti və xalqın ona olan inamın nəticəsində Azərbaycan o böhranlı vəziyyətdən çıxa bildi. Bu gün, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyun ayında bu günü bayram elan etdi. Azərbaycan kimi qədim dövlətçilik tarixinə, milli ruha malik xalqı uzun müddət tabeçilikdə saxlamağın, diktə siyasətini həyata keçirib, istismarçı sosi­al-iqtisadi sistemi qoruyub saxlamaqla milli bərabərsizliyi və zülmü təbliğ etməyin, anarxiya, qanunsuzluq, qardaş qırğınının mümkünsüzlüyünü, məhz Qurtuluş Günü sübut etdi. Xalqımızın təkidli xahişlə heç kimə deyil, məhz Ulu Öndər Heydər Əliyevə müraciət etməsi, yalnız bu dahi şəxsiyyətə güvənməsi də Qurtuluş Gününün milli məsələ, qürur və ləyaqət məsələsi olduğundan xəbər verir. Bütün bu məfhumların simvolu isə dahi şəxsiyyət, məhz xalq qarşısında etdiyi əməllərə görə, Ümummilli Lider adını özü qazanan Heydər Əliyevdir. Bütün həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də, müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib.

“Mənim həyatım da, fəaliyyətim də, yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu.

   Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişində, inkişafında, milli maraqların qorunmasında, həm də, ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.

            Ölkə Prezidenti, cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Noyabr ayının 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" – deyən Ulu Öndərin vəsiyyətini həyata keçirdi, xalqımıza Qələbə sevincini yaşatdı. Vətən müharibəsində dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət və ordu quruculuğunu tam təsdiq elədi. Bu Qələbə  Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı. Cənab Prezident İlham Əliyevin 44 gün ərzində xarici mediada haqq səsimizi ucaltması, xalqa müraciətlərində səsləndirdiyi sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hisləri yaratdı. Azərbaycanın milli maraqlarını uca tutan ölkə Prezidenti, cənab İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi. Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı daimidir. Ölkə Prezidenti, cənab İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu qəbildən olan insanların problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində tədbirlər həyata keçirilir. Təbii ki, bu Qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidir. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı, ölkə Prezidenti, cənab İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 8 noyabr tarixində xalqa müraciətində söylədiyi bu fikirlər indi bütün Azərbaycan xalqı üçün ən qiymətli və ən dəyərli sözlər kimi yaddaşlara həkk olunub: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”.

      1993-cü ilin 15 iyun tarixindən başlayan Milli Qurtuluş yolu, 2020-ci ilin 8 noyabr tarixində Azərbaycana öz tarixinin ən böyük zəfərini yazmaq imkanı yaratdı. Bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqı 8 noyabr tarixinə gedən yolda ilk addımları, məhz 1993-cü ilin 15 iyun tarixində atmışdır. Azərbaycan xalqının qurtuluşdan zəfərə gedən yolu, həm də, Azərbaycan xalqının zəfər tarixidir.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının sədri.