Milli birliyin və Vətən uğrunda mübarizənin rəmzi - “Dəmir yumruq”

08:40 17-10-2023 631

  Məlum olduğu kimi, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı, Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan, yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Şübhəsiz, bu, Ermənistan ordusunun öz havadarlarına arxalanaraq Azərbaycana qarşı törətdiyi növbəti təxribat  ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin davamı idi. Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, beynəlxalq normalara əsasən, əks-hücum əməliyyatı üçün əmr verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev xalqa müraciətində demişdir: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün, Azərbaycan Ordusu, Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?!”

   Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatının ilk günlərində Füzuli və Cəbrayıl rayonları istiqamətində bir çox strateji məntəqələr, o cümlədən Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Nuzgar, Şərvənj kəndləir erməni daşnaklarından azad olunaraq irimiqyaslı hərbi əməliyyatlar davam etdirildi. 03 oktyabr 2020-ci ildə Füzuli, Cəbrayıl, Tərtər rayonlarının 8 kəndi, o cümlədən Madagiz erməni faşistlərindən təmizləndi və orada bayrağımız qaldırıldı. Bu möhtəşəm uğurdan bir neçə gün sonra bu kəndin tarixi adı da Prezidentimiz tərəfindən bərpa edildi: Suqovuşan. Cənub cəbhəsi boyu irəliləyərək oktyabr ayının 4-də Cəbrayıl şəhərini, həmçinin, bu rayonun 10 kəndini, sonrakı gün isə, daha 3 kəndini azad edən müzəffər ordumuz oktyabr ayının 9-da Hadrut qəsəbəsini düşməndən təmizləyərək Xocavənd rayonunun ərazisində əlverişli mövqelərə yiyələndi və elə həmin gün daha 8 kəndimizə yeni həyat bəxş etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərlik etdiyi ordumuzun ermənilər tərəfindən uydurulan “məğlubedilməz erməni ordusu” mifini məhv etməsi Ermənistan hakimiyyətini atəşkəsə məcbur etdi. Nəticədə Rusiya Federasiyasının təşəbbüsü ilə münaqişə tərəflərinin xarici işlər nazirlərinin iştirakı ilə Moskva şəhərində 9-10 oktyabr 2020-ci il tarixdə keçirilən görüşdə atəşkəslə bağlı razılıq əldə edildi. Buna baxmayaraq, razılaşmadan bir neçə saat keçməmiş mənfur düşmən yenidən hücum cəhdi göstərdi. Əks-hücuma keçən Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının 24 kəndini,  oktyabr ayının 17-də bayraq asmağa bircə salamat binanın qalmadığı Füzuli şəhərini işğalçılardan təmizlədi, 18-də Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı. Oktyabr ayının 20-də isə, Zəngilan şəhərini erməni qəsbkarlarından təmizləyən  ordumuz oktyabr ayının 22-də Zəngilanın Ağbənd qəsəbəsini azad edərək İranla olan dövlət sərhəddimizi tam nəzarətə götürdü. Ordumuzun müzəffər yürüşündən qorxuya düşən Ermənistan bu dəfə ABŞ-a müracət etməklə atəşkəsə nail oldu, amma ertəsi günün səhər saatlarında düşmən ölkənin ordusu yenidən Azərbaycanın mövqelərinə hücum etdi. Əks-hücuma keçən Silahlı Qüvvələrimiz Laçın dəhlizinə doğru irəliləyərək Dağlıq Qarabağdakı separatçı ünsürlərlə Ermənistanı birləşdirən əsas magistral yolun 10 kilometrliyindən artilleriya vasitəsilə buraya nəzarət etməyə başladı. Oktyabr ayının 25-də Qubadlı şəhəri də işğaldan azad edildi. Oktyabrın sonlarına qədər bir çox yaşayış məntəqələrimizdəki erməni silahlılarını darmadağın edən müzəffər Ordumuz  strateji Şuşa-Laçın yolunun bir hissəsinə də nəzarəti ələ keçirdi.

    08 noyabr 2020-ci ildə ordumuz dünya hərb tarixinə yazılacaq əməliyyat keçirməklə Şuşa şəhərindən erməniləri məşhur ifadə ilə desək, iti qovan kimi qovdu. Şuşa azad edildikdən sonra, yəni noyabr ayının 9-u “”Dövlət Bayrağı Günü”ndə Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 10-a yaxın yüksəkliyi işğaldan azad etdi. Bununla da, hərbi əməliyyatlar gedişində işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 300-ə çatdı. Şuşanın azad edilməsi ilə Ermənistan öz məğlubiyyəti ilə barışmalı, kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu da noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən birgə Bəyanat qəbul edilməklə nəticələndi. Bəyanata əsasən, Ağdam şəhəri, Kəlbəcər, Laçın rayonları hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarıldı.

   Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində 27 sentyabr 2020-ci ildə başlamış, 44 gün davam etmiş Vətən müharibəsini qlobal pandemiyanın davam etdiyi şəraitdə böyük Zəfərlə başa çatdırdı və öz ərazi bütövlüyünü təmin etdi. Bu, həqiqətən də, tarixi bir Zəfər idi. Ölkə Prezidenti, cənab İlham Əliyevin də qeyd etdiyi kimi, çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. Bəli, 27 sentyabr 2020-ci il tariximizdə yeni bir mərhələnin başlanğıcı oldu və həmin gün başlayan Vətən müharibəsi  10 noyabr tarixində bizim Şanlı Zəfərimizlə tamamlandı. İtirdiyimiz torpaqlarımızla yanaşı, qürurumuzu, şərəfimizi də geri ala bildik. İki əsrdən artıq üstümüzə gələn və hər gəlişində də bir şeylər qoparan arxalı köpək qarşımızda tar-mar oldu. Bu gün, artıq bütün qara ləkələrin silindiyi tərtəmiz bir təqvimimiz var. Ölkə Prezidenti, cənab İlham Əliyev, bu müzəffər yürüşü, eləcə də, onun iştirakçılarını əbədiləşdirmək məqsədilə  bir neçə mühüm Fərman və Sərəncam imzaladı. Bu sənədlər əsasında, 8 noyabr “Zəfər Günü” və 27 sentyabr “Anım Günü” kimi təsis edildi. Yeri gəlmişkən qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Ordusunun 2900-dən çox hərbi qulluqçusu doğma torpaqlarımızın erməni daşnaklarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən müharibəsi memorial kompleksi”, “Zəfər muzeyi” yaradıldı və “Hərbi Qənimətlər Parkı” ictimaiyyətin sərəncamına verildi. Üstəlik, dövlətimizin başçısı döyüşlərdə edənlərin hər birini müxtəlif orden və medallarla təltif etdi. Həmçinin, 10 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Vətən müharibəsində möhtəşəm  Qələbəsinə həsr olunmuş “Zəfər Paradı”nda ölkə ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə, müzəffər ordumuzun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Yeri gəlmişkən qeyd edək ki, bu paradda qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və türk əsgərlər də iştirak etdilər.  Bu yerdə bir məsələyə də toxunmaq yerinə düşərdi. Belə ki, Vətən müharibəsinin ilk günündən qardaş Türkiyə Azərbaycanın mövqeyini dəstəklədi və ona mənəvi dayaq oldu. 15 iyun 2021-ci ildə - “Milli Qurtuluş Günü”ndə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə tarixi səfərləri, eləcə də, burada imzaladıqları “Şuşa Bəyannaməsi” isə, bu qardaşlığa, bu birliyə yeni çalarlar əlavə etdi.

   Şübhəsiz, bu möhtəşəm Zəfər yürüşündə xalq-ordu, xalq-Prezident birliyi də mühüm rol oynadı. Belə ki, ölkəmizin bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, könüllü olaraq ön cəbhəyə can atdılar. Bir sözlə, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirdilər, qanvermə aksiyaları təşkil etdilər, həmçinin, müxtəlif formalarla ordumuza mənəvi dəstək oldular. Məhz vətəndaşlarımızın bir yumruq kimi birləşməsi, işğalçı Ermənistanı tamamilə sarsıtdı. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bir də onu göstərdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Artıq, Vətən müharibəsində ölkə Prezidenti, cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Qələbə sayəsində işğaldan azad olunan, erməni barbarları tərəfindən tamamilə dağıdılan ərazilərimizdə geniş bərpa-quruculuq işləri aparılır. Belə ki, həmin ərazilərdə müasir infrastruktur qurulur, yeni yollar salınır, beynəlxalq hava limanları tikilir, möhtəşəm “ağıllı kənd”, “ağıllı şəhər” layihələri sürətlə gerçəkləşdirilir. Bütün bunlar isə, Azərbaycanın nə qədər güclü, qüdrətli dövlət olması­nı bir daha təsdiqləyir və bir daha bu qənaətə gəlməyə əsas verir ki, öz möhtəşəm Zəfəri ilə regiona yeni reallıqlar bəxş edən Azərbaycan, tezliklə Qarabağa da yeni həyat bəxş edəcəkdir...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.