Vidadi Hidayət

 

HİDAYƏT YOLUNUN NURU

22:00 29-12-2023 378

                               Bismillahir Rəhmanir Rəhim

                İnsan  qəlblə danışanda göz gərəkdir,

              Dillə danışanda söz gərəkdir.

                                                       Tahir Hüseyn

     Dünyada ən üstün şey insanların bir-birini anlamasıdır.İki insan dilsiz, sözsüz... Gözlə danışması üçün qəlblər tam paklaşmalı, orada mələklər  məskən salmalı, qəlbə şeytanın təsiri Allah (c.c) tərəfindən sıfırlanmalıdır. Bu halda hər iki insanın qəlb gözü (bəsirət gözü), qəlb “qulağı” tam açıq olduğu üçün onlar dilsiz, yəni sözsüz, qəlb “gözü” ilə danışa bilirlər.Digər, qalan insanlar  isə danışanda  söz gərəkdir. Ancaq bəla odur ki, insanların qəlbləri  o qədər müxtəliflik  tapmışdır ki, sözlərdən istifadə  etdikdə belə  danışmaq mümkün olmur, bir-birlərini anlamırlar, mübahisələr yaranır. 

 

               Nəfsinə zülm edən, hər kəsə zülm edər

                                                                Tahir Hüseyn

    Nəfs ilk yaranışda təmiz, pak olaraq bədənə daxil olur. Uşaq böyüdükcə sərbəst iradə yaranır və  formalaşır.

  Qızlar  doqquz, oğlanlar  on dörd  yaşa çatanda  dini hökmlərə əməl etmək vacib olur. (Bu uyğun olaraq qız və oğlanın fizioloji inkişafının ilk növbədə beyinlərinin tam hala düşməsi ilə əlaqədardır.) Beyin tam formalaşdıqdan və dinimizdə (Allahın (c.c) öyüdündə) məcburiyyət olmadığından hər kəs öz iradəsi ilə ya sonu nura çıxaran hidayət yolun və ya sonu zülmətə aparan şeytan yolun tutur (ikisindən birini).    (“Quran” , Bəqərə-256 ) .

   Dinimizin var olması, nəfsin çirkinliyə bulaşmaması və yaxud  bir müddət  bulaşmış olarsa onu təmizə  çıxararaq, insanı nuraniyyətə-əbədi səadətə çatdırmaq üçündür.

  Nəfsə zülm etmək nədir?

  Nəfsin elmi olmadığından, yaxşı ilə pisi müəyyən edə bilmədiyindən onun haqqı bizim ağıl və iradəmizin üzərindədir. İnsan həyatında nəfs böyük rol oynayır. Belə ki, Allahın (c.c) nəfsə əzəldən qoyduğu altı meylliklərin hesabına insan yatır, yeyir, rahat evdə yaşayır, evlənir, işləyir, dünyaya bağlı olur və sair. İnsan hər bir an bu işləri görərkən Allahın (c.c) öyüdü ilə yəni şəriətlə getməzsə nəfsinə zülm etmiş olur. Burada zülm dedikdə Allahın qoyduğu hədlərdən qırağa çıxmaq başa düşülür. Konkret olaraq Allahın (c.c) nazil etdiyi “Quran”ın hökmü ilə yaşamayan həm öz nəfsinə, həm də başqalarına  zülm  etmiş olur.

 

            Hər nəfs özünə aşiqdir,

           Paklanmış nəfs Haqqa aşıqdir.

                                             Tahir Hüseyn

   Nəfsin xüsusiyyətlərindən bilirik ki, onun elmi, hikməti yoxdur. Ancaq, insanın  fəaliyyətində  əsas rol oynayır.

   İnsan həddi-buluğa çatdıqda şəri  hökmlər boynuna gəldikdə, Allaha (c.c) gedən yolda  olmazsa, harama, günaha bataraq, zülmətə doğru bir yol tutar. Bu zaman nəfs bəyənilməyən rəzalətlərdən ibarət  xəstəliklərə düçar olur ki, bu xəstəliklərin  ümumi sayı  yetmiş altıdır. ( İmam Cəfər Sadiq (ə) ) Nəfsdə olan bu xəstəliklərdən biri də kin-nifrət xüsusiyyətidir. Bu xəstəlik insanda elə bir xarakter yaradır ki, öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Belə insan özündə heç bir nöqsan görmür və bu səbəbdən özünə, nəfsinə aşiq olur. Ancaq, insan nəfsinə, şeytana uymadan Haqqa gedən  bir yol var- siratəl müstəqim, onunla gedib sona çatsa, nəfsdə olan bütün rəzalətlər ruhdakı uyğun fəzilətlərə çevirilərək nəfs paklanır və ruh kimi olur. İnsan kamilləşir, haqqı tanıyır, nəfsdəki kin-nifrət sevgi ilə əvəz olur. Paklanmış nəfs ruh kimi olduğundan  ruhun əzəli Zatı ilə həmcins olduğundan paklanmış nəfs Haqqı sevir və Ona aşiq olur.

 (davamı var)