20 Yanvar Ümumxalq hüzün günüdür

23:00 20-01-2024 612

      1990-cı ilin  yanvarının 19-dan 20-nə  keçən gecə Sovet İttifaqı Kommunist Partiyasının  baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın  bir neçə rayonuna qanunsuz olaraq qoşunların yeridilməsi nəticəsində dinc əhali  vəhşicəsinə qətlə yetirilib.

   20 Yanvar  faciəsi zamanı 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların içərisində  qadınlar, uşaqlar və qocalar, həmçinin  təcili tibbi yardım işçiləri, milis nəfərləri olub.

   20 yanvar faciəsindən dərhal sonra -21 yanvar 1990-cı il tarixdə  ümummilli lider Heydər Əliyev  ailə üzvləri  ilə birlikdə  Azərbaycanın Moskvadakı  daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə  həmrəy  olduğunu  nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı faciyəyə kəskin etirazını bildirib və bu faciəni törədənləri ifşa edib. Elə həmin ilin noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında  ümummilli lider Heydər Əliyev  20 Yanvar faciəsini Azərbaycan xalqının  suveren  hüquqlarına  qəsd kimi qiymətləndirib.

     20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi..

     1994-cü ilin mart ayının 29-da  xalqımızın ümummilli lideri Heydər Əliyevin  təşəbbüsü ilə  20 Yanvar  faciəsinə  Milli Məclis səviyyəsində  ilk dəfə olaraq  hüquqi-siyasi qiymət verilib.

     Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin  xatirəsini əziz tutur. Hər il  faciənin ildönümünü izdihamlı  ziyarətlərlə  müşayət edir. 20 Yanvar faciəsi ölkəmizin bütün bölgələrində olduğu kimi Beyləqanda da dərin hüzünlə  anıldı. Səhər saatlarından başlayaraq beyləqanlılar  şəhərin 20 Yanvar küçəsində  şəhidlərin xatirəsinə ucaldılmış  abidə kompleksinin   önünə gələrək  şəhidlərin  xatirəsini ehtiramla  yad edib. 

    Saat 12:00-da ölkəmizin bütün  bölgələrində olduğu kimi Beyləqanda da  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.