Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır

18:01 28-01-2024 461

Artıq, bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin, regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Məlumdur ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələri mühüm geostrateji əhəmiyyətə malikdir. Bütövlükdə, regional, beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin, enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir, çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs, həm də, ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.  Azərbaycanın müstəqil strateji kursu, eləcə də uğurlu enerji siyasəti dünya siyasətinin başlıca tendensiyalarını müəyyənləşdirən güc mərkəzləri tərəfindən yüksək qiymətləndirilir.

Bu gün, Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Qoca qitə Azərbaycanla əməkdaşlığa ciddi önəm verir. Xüsusilə də, Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında vacib tərəfdaşa çevirib. Azərbaycan Avropanın təkcə enerji deyil, bir sıra digər sahələrdə də etibarlı partnyorudur. Bütün bunları nəzərə alaraq deməliyik ki, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi siyasət bir çox ölkələr üçün nümunədir. Dünyanın bir çox ölkələri Azərbaycanın enerji diplomatiyasından çox şey öyrənir. Azərbaycan bu sahədə meqalayihələrin uğurla icra olunduğu ölkə kimi dünya böyük nüfuza və gücə malikdir. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaqdır. Bir sözlə, Avrasiyanın enerji xəritəsi yenidən çəkilir və bu xəritənin çəkilməsində Azərbaycan ən mühüm aktorlardan biridir. Avropanın enerji təhlükəsizliyində ölkə Prezidenti, cənab İlham Əliyevin rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycanın təşəbbüsləri gələcək dövrə hesablanıb, geosiyasi və geoiqtisadi çağırışlarla eynilik təşkil edir. Təbii ki, Azərbaycan Avropa enerji təhlükəsizliyində mühüm rol oynayır, çünki gedişat Azərbaycansız heç bir planın olmadığını göstərir. Yəni Bakı ənənəvi enerji məhsulları ilə yanaşı, həm də, dünyanın gələcəyinə töhfə verəcək yaşıl enerji ilə bağlı insvestisiyaların da cəlbinə malik olacaq ki, nəticədə özünün beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirəcəkdir...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının məsləhətçisi.