Məktəb direktoru uşağı təpiklədi, sonra “böhtandır” dedi - VİDEO

23:40 13-02-2020 111

Türkiyənin İsparta vilayətinin Şəhid Göksel Koç adına məktəbin həyətində təhsil ocağının direktorunun şagirdə qarşı zorakılığını əks etdirən hadisənin görüntüləri ortaya çıxıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Məlumata görə, hadisə İsparta Bələdiyyəsi Yanğınsöndürmə İdarəsinin təşkil etdiyi yanğın təlimi zamanı baş verib. Tədbirdən əvvəl şagirdlər məktəbin həyətində düzülüblər. Bu vaxt məktəb direktoru A.Y. yerdə oturan 7-ci sinif şagirdi A.Ö.-nün yanına gələrək ona təpik vurub. Bu hadisə məktəb binasına yerləşdirilən kadrlarda aydın görünür.

Hadisədən sonra evə gedən A.Ö. baş verənləri atası İsmail Ö.-yə danışıb. Ata isə məktəbə gedərək rəhbərliklə birlikdə təhlükəsizlik kamerasının görüntülərinə baxıb və oradan məhkəməyə gedərək şikayət ərizəsi yazıb.

Məktəb direktoru deyilənləri təkzib edərək uşağı vurmadığını bildirib. Onun sözlərinə görə, təlim zamanı şagirdlərin tezalışan və partlayıcı maddələrə tərəf hərəkət edərək zərər görə biləcəklərini düşünüb və ani reaksiya verib. O, uşaqlara geri çəkilmələrini söyləyib, bu vaxt isə ayağını yerə vurub, uşağa isə heç bir xəsarət yetirməyib.

Ata şikayət ərizəsində bildirib ki, direktor uşağına təpiklə vurduğu vaxt həmin yerdə daha üç müəllim olub və onlar üzlərini çevirərək gediblər.