“Holcim” (Azərbaycan) ASC-nin Səhmdarlarının nəzərinə

11:00 21-05-2020 22

Dünyada sürətlə yayılan koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər görülüb, həyata keçirilən tədbirlər nəticəsində hazırda ölkədə pandemiya vəziyyəti nəzarət altına alınıb, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olunub.

(COVID-19) infeksiyasının yayılmağa başladığı vaxtdan etibarən “Holcim” (Azərbaycan) ASC fəaliyyəti zamanı öz işçilərini, tərəfdaşlarını və üçüncü şəxsləri qorumaq üçün vacib tədbirlər görüb. 

Lakin nəzərə alınmalıdır ki, hazırda COVID-19 infeksiyası tam aradan qalxmayıb və pandemiya şəraiti davam edir. Bu baxımdan, kütləvi tədbirlərin keçirilməsi və insanların qruplar şəklində cəmləşməsi onların həyat və sağlamlığı üçün risklidir və virusun yayılmasına səbəb ola bilər. 

“Holcim” Azərbaycan ASC-nin rəhbərliyi insanların həyat və sağlamlığının ən vacib məsələ olduğunu nəzərə alaraq, virusun yayılmasına və təhlükəli fəsadlarla nəticələnməsinə şərait yaradılmaması üçün “Holcim” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının 3 iyun 2020-ci ilə təyin edilmiş İllik Ümumi Yığıncağının qeyri-müəyyən tarixə təxirə salınması barədə qərar qəbul edib. 

Ölkədə infeksiyanın yayılma vəziyyəti və məhdudiyyət tələbləri nəzərə alınmaqla, növbəti aylarda ümumi yığıncağın keçiriləcəyi tarix müəyyənləşdiriləcək.

İllik Ümumi Yığıncağın keçiriləcəyi tarix barədə kütləvi informasiya vasitələrində əlavə məlumat veriləcək.