Türkiyə Futbol Federasiyasından radikal qərar: Superliqanı heç kim tərk etməyəcək

22:20 29-07-2020 17

Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

HerGun.Az xəbər verir ki, iclasda Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu da iştirak edib.

Sözügedən iclasda koronavirus pandemiyası ilə bağlı yaranan fasilədən sonra davam etdirilən Türkiyə çempionatı ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Əsas vacib qərarlardan biri 2019/20 mövsümünün yekununda Super Liqanı tərk etməli olan “Yeni Malatyaspor”, “Kayserispor”” və “Ankaragücü” yüksək dəstədə saxlanılmasıdır.

Super Liqaya yüksələn üç yeni komanda ilə birlikdə 2020/21 mövsümündəki iştirakçı sayı 21-ə qaldırılıb. Növbəti mövsümündə isə bu rəqəm 20-yə düşəcək.

Həmçinin, legioner limitinin dəyişdirilməsi bir illik təxirə salınıb. Qaydalardakı yenilik qarşıdakı mövsüm deyil, sonrakı mövsümdən tətbiq ediləcək.

Məsələ ilə bağlı açıqlama verən federasiya prezidenti Nihat Özdəmir bildirib ki, Super Liqa ilə yanaşı, 1-ci, 2-ci və 3-cü liqada da aşağı dəstəyə yuvarlanma olmayacaq.

Gələn yay Super Liqanı dörd komanda tərk edəcək, onların əvəzinə üç klub gələcək və bununla iştirakçı sayı 20-yə endiriləcək. 1-ci liqanın qarşıdakı mövsümündə isə 18 iştirakçı olacaq.