“İşğal olunmuş Azərbaycan ərazilərinə Livandan ermənilərin köçürülməsi beynəlxalq hüququn kobud pozulmasıdır”

14:00 12-09-2020 35

“Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarına əhali köçürməsi beynəlxalq hüquqa ziddir. Bunu rəsmi İrəvan da yaxşı başa düşür”.

Bu sözləri APA-ya müsahibəsində Ermənistanın Yaxın Şərqdən, Suriya və Livandan işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlara erməniləri köçürməsi faktlarını şərh edən rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Onun fikrincə, Ermənistanın bu cür layihələri həyata keçirməyə heç bir resursu yoxdur:

“Bu ölkənin nə maliyyə, nə də iqtisadi resursu var ki, belə layihəni reallaşdırsın. O ki qaldı ortaya çıxan faktlara, yəni, Azərbaycanın işğal altındakı ərazilərinə Livandan ermənilərin köçürülməsinə, bu, beynəlxalq hüquq və normaların kobud sürətdə pozulmasıdır. Bunu hamı çox yaxşı başa düşür. Ermənistanda da anlayırlar ki, atdıqları bu addım beynəlxalq hüquqa ziddir”.

Rusiyalı hərbi ekspertin fikrincə, Livandan işğal altındakı Dağlıq Qarabağa ermənilərin köçürülməsi halları Ermənistanın təbliğatının tərkib hissəsidir:

“Məncə, bu layihənin həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti lazımdır. Ermənistanın büdcəsində böyük pullar yoxdur. Ölkə dərin maliyyə və iqtisadi böhran yaşayır. Koronavirus da bir tərəfdən Ermənistan iqtisadiyyatını iflic edib. Təbliğat nöqteyi-nəzərindən rəsmi İrəvan tərəfindən bu cür fikirlərin səsləndirilməsi mümkündür. Lakin bu layihənin həyata keçirilməsinin mümkünlüyü hazırda sıfıra bərabərdir”.

İ. Korotçenko Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində məskunlaşma siyasəti həyata keçirməsi faktlarının ortaya çıxmasının bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe tutmasının göstəricisi olduğunu söyləyib:

“Ona görə də münaqişənin nizamlanması şansları azalıb. Şans o zaman yaranar ki, Ermənistan bu qeyri-konstruktiv siyasətindən əl çəksin, ilkin olaraq ən azı Dağlıq Qarabağ ətrafındakı beş rayondan geri çəkilsin. Məhz bu, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında əsas həlledici faktor ola bilər. Hələlik belə bir hadisənin baş verməsi şansı azdır.

Bunun bir sıra səbəbləri var. Birincisi, Paşinyan bu cür ssenarini reallaşdırmağa hazır deyil və bunu etməyəcək. İkincisi isə, İrəvana siyasi və iqtisadi təzyiqlərin olmamasıdır. İqtisadi və siyasi təzyiq olmadan Ermənistanın mövcud reallığı dərk etməsi mümkün deyil. Üçüncü məqam isə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı həqiqi informasiyanı dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq ekspert cəmiyyətinin imkanlarından lazımi səviyyədə faydalanmamasıdır.

Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri, bu gün münaqişə ətrafındakı vəziyyətlə bağlı həqiqi məlumatlar dünya ictimaiyyətinə çatdırılmalıdır. Tək Azərbaycan Xarici İşlər Nazirliyinin səyləri yetərli deyil, beynəlxalq hərbi və siyasi ekspert cəmiyyətləri ilə birbaşa dialoq lazımdır”.