“Qalatasaray” Bakı səfəri öncəsi “Sportinq”in futbolçusunu transfer edir

11:20 14-09-2020 21

“Neftçi”nin UEFA Avropa Liqasındakı rəqibi olan “Qalatasaray” Portuqaliyanın “Sportinq” klubundan İdrissa Dumbianı transfer etməyə yaxındır.

Türkiyənin “Sabah” nəşrinin xəbərinə görə, maaşında 40% tutulma olan Fil Dişi Sahilindən olan dayaq yarımmüdafiəçisi Almaniyanın “Borusiya” (Mönxenqladbax), “Verder”, Belçikanın “Anderlext” və “Brüqe” klublarından da təklif alıb.

Lakin müsəlman futbolçunun ilk seçimi “Qalatasaray” olub. İngiltənin “Votford” və “Sauthempton” klublarından gələn təklifi çalışma izni problemi üzündən dəyərləndirə bilməyən Dumbiya “Qalatasaray”da icarə əsasında çıxış edəcək.

Lakin bunun üçün “Qalatasaray”ın heyətindəki əcnəbi limitini düzəltməsi lazımdır. İstanbul klubu ona görə də hollandiyalı Rayan Babel və fransalı Yunis Belhandanı satmağa, nigeriyalılar – Valentin Ozornvafor və Cesi Sekidikanı icarəyə verməyə çalışır.

İdrissa Dumbianın 2024-cü ilədək “Sportinq”lə müqaviləsi var.

Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsi üçün “Neftçi” ilə qarşılaşmaq üçün sentyabrın 16-da Bakıya gələcək “Qalatasaray”ın Azərbaycan səfəri öncəsi bu transferi həyata keçirəcəyi gözlənilir. 

Səbuhi Musayev