Düşmənin yaşayış məntəqələrimizə atdığı top mərmiləri aşkarlandı - FOTO

02:00 08-10-2020 15

Oktyabrın 7-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Şəmkir, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 31 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən iki müraciət daxil olub.

Bununla bağlı ANAMA məlumat yayıb. 

Bildirilib ki, daxil olmuş 33 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Baharlı, Xındırıstan kəndləri, Ağcabədi rayonunun Qiyaməddinli, Muğanlı, Ağgöl, Böyük Kəhrizli kəndləri və Xan Şuşinski küçəsi, Bərdə rayonunun Şahvəlilər kəndi, Beyləqan rayonunun Şitilçilik qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, Füzuli rayonunun Alıxanlı, Aşağı Mollaməhərrəmli kəndləri, Zobcuq qəsəbəsi və Horadiz şəhəri, Goranboy rayonunun Qızılhacılı, Tapqaraqoyunlu kəndləri, Şəmkir rayonunun Sabirkənd kəndi, Tərtər rayonunun Borsunlu kəndi və Şəxarx qəsəbəsi, Gəncə şəhəri Hərbi şəhərci, B.Əliyev və Ə.Əliyev küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-45), 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd raketin təzyiq akkumulyator (9D180), 3 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator və 6 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 56 ədəd 9M525 bombacıqları partlayış yolu ilə zərərsizləşdirilib.