Dmitri Kiselyov: “Qarabağ birmənalı şəkildə Azərbaycan ərazisidir” - VİDEO

00:40 23-11-2020 22

Dağlıq Qarabağ və onun ətraf rayonları 94-cü ildən sonra erməni silahlı qüvvələrinin işğalında qalsa da, beynəlxalq aləmə görə, birmənalı şəkildə Azərbaycan Respublikasının qanuni ərazisidir.

Bu sözləri “Vesti nedeli” proqramında məşhur rusiyalı jurnalist Dmitri Kiselyov deyib.

O, Qarabağ müharibəsi haqqında danışarkən bunları bildirib:

“Ona görə də işğal edilmiş ərazilərdə qurulmuş dırnaqarası dövləti, “Dağlıq Qarabağ Respublikası”nı heç bir dövlət, hətta Ermənistan da tanımadı.

İndi isə əsas məsələ məcburi köçkünlərin doğma torpaqlarına qayıtması və sülh içində yaşamasıdır. Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidirsə, şübhəsiz ki, o ərazilərdə təhlükəsizliyin təminatçısı da Azərbaycan olacaq.

Rus sülhməramlıları isə hazırda ona görə ordadırlar ki, əldə olunmuş sülh pozulmasın və siyasi həllə maneə yaranmasın”.

Məşhur jurnalist həmçinin qeyd edib ki, Rusiya və Azərbaycan Prezidentləri arasında köhnə və möhkəm bir ənənə var:

“Onlar arasındakı danışıqlar həmişə çətin keçir, amma qeyd edim ki, hər iki lider hər zaman sözlərində dururlar. Bu, hər kəsin bildiyi faktdır. Əminəm ki, bu dəfə də belə olacaq”.