Deputatdan Qərbi Azərbaycandakı abidələrlə bağlı ÇAĞIRIŞ: “Dünyanı inandırmalıyıq”

17:00 20-02-2021 35

Ermənistan təkcə Qarabağda deyil, Azərbaycanın tarixi torpaqları olan, hazırda öz ərazisində yerləşən coğrafiyada da vandalizmə imza atıb.

Qərbi Azərbaycanda bir çox mədəniyyət abidələri dağıdılıb, Azərbaycana məxsus yer adları dəyişdirilib.

Milli Məclisin tarixçi deputatı Anar İsgəndərov HerGun.Az-a açıqlamasında xatırladıb ki, ikinci Rus-İran müharibəsinə qədər İrəvan və Naxçıvan xanlıqları, Ordubad mahalı müstəqil idilər.

“1826-1828-ci illərdəki Rus-İran müharibəsi nəticəsində bu ərazilər də Rusiya tərəfinə keçdi və bir ay sonra həmin ərazilərdə erməni vilayəti yaradıldı. Osmanlı və İrandan minlərlə erməni həmin yerlərə köçürüldü”, - deyə A.İsgəndərov bildirib.

Deputat qeyd edib ki, proses bununla da bitməyib, XIX əsrin 40-cı illərinin sonlarında İrəvan quberniyası yaradılıb.

“Azərbaycanlı əhalinin bu zamana qədər yaratdıqları isə göz qabağında idi. Əhalinin böyük əksəriyyəti azərbaycanlılar idi, yer adları, çay adları – hər yer türk mənşəli idi”, - deyən millət vəkili əlavə edib ki, ermənilər həmin ərazilərə gəldikdən sonra tarixi Azərbaycan abidələrini, ibadət yerlərimizi məhv etdilər:

“Hazırda Ermənistan ərazisində, İrəvanın mərkəzindəki Cümə məscidi Azərbaycana məxsus yeganə tarixi abidədir. Amma bir vaxtlar, Qərbi Azərbaycanın bütün kəndlərində məscidlər var idi. Ermənilər hamısını yerlə yeksan etdilər”.

Professor qeyd edib ki, ermənilər 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyasını həyata keçirdikdən sonra bütün yer adlarını dəyişdirdilər.

“XX əsrin 80-ci illərinin sonunda isə Ermənistanda etnik təmizləmənin sonuncu mərhələsi oldu. Yerdə qalan tarixi abidələrimizi də məhv etdilər”.

Millət vəkilinin fikrincə, 44 günlük Vətən müharibəsi də bir daha ermənilərin ədalətli və mədəni xalq olmadığını göstərdi.

“Dünyanın bütün vəhşilikləri bu xalqın adı ilə bağlıdır. Kim inanmırsa, işğaldan azad edilən ərazilərə getsin, Ermənistanın orada məhv etdiyi abidələrə baxsın. 44 günlük müharibə qələbəmizlə başa çatdı. İndi ikinci mərhələdir və bu etapda Azərbaycan bütün dünyaya erməni vəhşiliyini bəyan etməlidir. Ermənistanın dinc əhaliyə qarşı addımları, abidələrə qarşı həyata keçirdiyi vandalizmə dünyanı inandırmalıyıq. Bu mənada həm Qərbi Azərbaycanda, həm də Qarabağda törətdikləri göz qabağındadır. Azərbaycan dövləti və xalqı 44 günlük müharibə ilə gəlmə olan erməniləri vaxtında tərbiyələndirdi”, - deyə A.İsgəndərov fikrini yekunlaşdırıb.

Aqşin Kərimov