Korotçenko: “Rusiya Jurnalistlər İttifaqı həlak olan jurnalistlərlə bağlı rəsmi bəyanat verməlidir”

22:00 04-06-2021 24

Azərbaycanlı jurnalistlərin olduğu maşın Kəlbəcər rayonunda ermənilərin basdırdığı minada partlayıb. İstisna deyil ki, həmin yol erməni diversant qrupları tərəfindən minalanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

“Öz peşəkar vəzifə borclarını yerinə yetirən həmkarlarımız həlak olublar. Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində mina təhlükəsi hər yerdə mövcuddur. Bir müddət əvvəl Ağdam və Füzuli rayonlarını səyahət edən biz rusiyalı jurnalistlər, ekspertlər də risk etmişdik. Lakin öz professional borcumuzu yerinə yetirmişdik ki, baş verənlər barədə obyektiv məlumatlandıraq. Biz də erməni minasında partlaya bilərdik. Hesab edirəm ki, Azərbaycan jurnalistlərinin həlak olması ilə bağlı Rusiya Jurnalistlər İttifaqı rəsmi bəyanatla çıxış etməlidir. Həmin bəyanatda başsağlığı ifadə olunmalı və rəsmi İrəvandan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi, eləcə də erməni diversantların Azərbaycan ərazilərinə göndərilməsinə son qoyulması tələb olunmalıdır. Beynəlxalq jurnalist ittifaqlarından da reaksiyalar gözləyirik. Ümumi tələbimiz Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək məqsədi ilə siyasi təzyiq göstərilməsidir”, - deyə İ.Korotçenko vurğulayıb.