“Ölən sənətlər”: Keçmişlə gələcəyin astanasında, zamanla çarpışan sənətkarla MÜSAHİBƏ - FOTO

00:20 06-06-2021 26

Tik, tak, tik, tak... Uzun müddətdir ki, saatın səsini belə dəqiqliklə eşitmirdim. İçəridə dərin sükut var. Yalnız saat əqrəblərinin hərəkəti eşidilir. 130-170 yaşlı saatlar ömürdən gedən vaxtı ölçürlər. Ömür bitir, amma saat dövr etməyə davam edir. Hər saatın tamamında gələn zəng səsi ilə o dərin sükut pozulur...

Otaqda bir neçə əsrlik əntiq saatlar var. Sanki darısqal otağa "əsrlər” yerləşib. Burada əsrlərdən bəri gələn saatları bərpa edən, ona həyat verən, zamanla çarpışa-çarpışa müasir dövrə sürükləyən saatsaz işləyir. Onun peşəsi artıq nadir peşələrdən sayılır, yox olur, amma zəruridir. Axı texnologiyanın inkişafına və smartfonların ekranlarında vaxtı izləmək vərdişinə baxmayaraq, yenə də saatın tanış çırpınmasını eşidib, ömrümüzdən keçən saniyələri hiss etmək istəyirik…

“Kaspi” qəzetinin əməkdaşı əsrlik saatlara həyat verən, köhnə ilə yeniliyin vəhdətində yaşayan saatsaz Əkbər Qasımovla söhbətləşib.

O, ömrünün 44 ilini bu peşəyə həsr edib.

- Hərbi xidmətdə olarkən bizi digər əsgərlərlə birgə Orlov şəhərində yerləşən saat zavoduna aparırdılar. Hər həftənin 2-3 günü zavodun işçilərinə kömək edərdik. Mən həm kömək edir, həm də öyrənirdim. Ustanın yanında şagird kimi sənətin bütün incəliklərini tezliklə bilmək istəyirdim. Uzun müddət işim yalnız seyr etmək idi. Nə qədər can atsam da, əlimə saat verilməzdi. Bunun səbəbi isə səbir etməyə öyrənmək idi. Çünki saat ustası olmaq səbir ustası olmaq deməkdir.

Azərbaycana qayıtdıqdan sonra Memarlıq və İnşaat İnstitutuna qəbul olunub. Amma yenə də peşəsindən ayrıla bilməyib.

- Harada saat görürdümsə, evə gətirib düzəldirdim. Dayanmış bir saatı təmir etmək, onu canlandırmaq xoşbəxtlikdir. Bu, artıq məndə tələbata çevrilmişdi. Bir müddət mühəndislik də etdim, amma saatın verdiyi zövqü heç bir işdən ala bilmədim. Mühəndislik qabiliyyətimi saatsazlıqda tətbiq etdim. Rusiyadakı saat ustaları ilə əlaqələr qurub, bir müddət orada işlədim.

- Sənətinizin incəliklərini necə ifadə edərdiniz?

- Saat - vaxtı bərabər hissələrə bölərək hiss etməyimizə imkan verən bir vasitədir. Saatsazlıq isə alətlərin həm istehsalı, həm də təmiridir. Bu peşə göründüyündən daha dərindir. Bəzi saatların, məsələn, qol saatlarının gözlə çətin görünən hissələri var. Divar saatları bunun əksinə, çox iri hissələrə malik böyük mexanizmlərdən ibarət ola bilir. Hətta qüllə saatları var ki, bir otaq ölçüsündə mexanizmləri var. Buna görə bu sənətdə çeviklik və texniki bilik tələb olunur. Saat ustası həm mühəndis, həm da sənətkar olmalıdır. Həm praktik, həm də yaradıcı davranmalıdır. Bəzən işləmək üçün bir mühəndis kimi, itirilmiş bir hissəni yenidən dizayn edib istehsal etməliyik. Bəzi saatların istehsalı dayandığından, hissələri tapmaq mümkün olmaya bilər. Bir əntiq saatın xarici dekorasiyalarında yenidən işləmək və bir rəssam kimi yenidən rəngləməyimiz lazım ola bilər.

Əkbər usta, çətinliyə baxmayaraq, qədim saatlarla işləməyə üstünlük verir.

- Köhnə saatları çox sevirəm. Çünki onlarda həqiqətən iş olur. Təzə saatlarda isə ya kəməri qırılır, ya batareyası dəyişir - bunlar maraqlı deyil. Amma qədim saatların mexanizmi çox maraqlıdır. Hər biri individual olur. Məsələn, 10 mexanizmin hamısı bir-birinə oxşayır. Amma bir hissəsi sınırsa, bir-birinə uyğun gəlmir. Çox qəribədir.

- Adətən insanlar asana qaçır. Köhnə saatların sizə verdiyi zövqü necə izah edərdiniz?

- Düzdür, köhnə saata çox vaxt sərf edirəm. Məni bunun üçün çəkdiyim zəhmət qorxutmur. İşlədikcə o aləmə daxil olursan. Məsələn, düşünürsən ki, bu saatı 100-150 ilə öncə hansısa usta düzəldib. Sanki onun ruhu gəlib sənə köməklik göstərir ki, bu işi bitirəsən. Buna görə də iş mürəkkəb olsa da, ondan aldığım zövq fərqlidir. Məndə saatlar var ki, 1600-1700-cü illərin istehsalıdır. Həmin saatları bərpa etmişəm, hazırda da işləyirlər. Mən bu tarixi əhəmiyyətə malik olan saatları kiməsə, hətta muzeyə vermək istəmirəm. Axı mən illərlə onunla yaşayıram. Hər gün onun səsini eşitməsəm, yaşaya bilmərəm.

- Sizin üzərində 150 il bundan öncəki insanın ruhunu hiss etdiyiniz saatlara cavan nəslin çox az hissəsi maraq göstərir... Bu, sizi qorxudurmu?

- Bəli. İndiki nəsil elektronikanı sevir. Onlar üçün mexanika maraqlı deyil. Amma az da olsa, qədimi saatlara meyilli olanlar var. O az hissəni görəndə o qədər təbliğat aparıram ki... Onları həvəsləndirmək üçün təmənnasız kömək edirəm. Təki bu maraqları sönməsin. Unutmaqlarını istəmirik, unudulmaq bizi incidir. Köhnə nəsil qədim saatların dəyərini bilir. Gənclər maraqlananda çox sevinirəm. Məsələn, bu, (stoldakı əntiq saatı göstərir) dəniz saatıdır. Çox güclüdür. Bunun balacasını bir müştəri haradansa tapıb, təmir üçün gətirmişdi. Belə saatı düzəltmək çox çətindir və vaxt tələb edir. Onun həvəsini alovlandırmaq üçün saatını düzəldirəm. Mən də yox desəm, marağı öləcək. Axı mən bunu yaşatmaq istəyirəm...

Təəssüf ki,  bu sənət də "ölən sənətlər” qrupuna daxil olur.

- Təəssüf ki, zaman öz sözünü deyir. Getdikcə saatsazların sayı azalır. Hətta bəzi ustalar artıq dükanlarını bağlayıb evlərindən işləyirlər. Mənim şagirdim var idi, elektron saatları çox gözəl bilirdi. Amma qədimi saatlarla işləməkdə çətinlik çəkirdi. Mən ona yanaşmanı öyrətdim. İplə işləyən köhnə dəzgahlar var. Məsələn, bu dəzgah (stolun üzərindəki alətə işarə edir) 18-ci əsrə aiddir. Bundan biri də var idi məhz həvəsinin ölməməsi üçün kolleksiyamdan birini ona bağışladım. Hazırda Sankt Peterburqdadır. Sənətimizi davam etdirir. Gənc nəsil birdəfəlik saatlar alır. Deyirlər hər dəfə təmir etməkdənsə, yenisini alaram. Məhz buna görə də bizim kimi ustaların sayı azalır. Çünki iş azalır. Saatsaz olmaq istəyənlər də görür ki, iş yoxdur, sənətdən uzaqlaşırlar. İnsanlar saatı xarab olanda dükana verir, dükan da servisə göndərir. Artıq onlara sənətkar lazım olmur. Birbaşa dükanla əlaqə saxlayırlar. Bu, əlbəttə ki, bizim kimi sənət fədailərini təəssüfləndirir.

- Əkbər usta, düşünürsünüzmü ki, sanki insanlar əvvəllər zamanın qədrini daha çox bilirdilər. Evdə hər saatın tamamımda səs salan saatlar var idi. Zamanın keçdiyini insanlara xatırladan saatlar...

- Bəli... Tələsirik... Səhər işə, axşam evə... Daim qaçaqaçdayıq. Saatın, ən əsası, keçən ömrün fərqinə varmırıq. Zaman tez-gedir. Biz də ardınca qaçırıq. Keçmişdə hər evdə saat olurdu, indi azalıb. Qol saatları da aksesuar kimi istifadə olunur. Gənc nəsil artıq saata baxmaq ehtiyacı duymur.

- Əvvəllər yuxudan zəngli saatla oyanardıq. Yerini smartfonlar alıb... Həqiqətən də zaman öz sözünü deyir...

Təəssüf ki... Hazırda evdə zınqırovlu saatdan istifadə edirəm. Məni o oyadır. Onun yerini telefon tuta bilməz axı... Məndən kimsə maraqlananda da deyirəm bundan istifadə edin, xarab olanda tam təmənnasız düzəldəcəyəm.

- Zamanla ən çox işləyən usta kimi zaman anlayışını necə ifadə edərdiniz?

- Mən zamana bağlı insanam. Hər saniyənin qədrini bilməyə çalışıram. Heyfsilənirəm keçən vaxta... Saatın hər dövrəsi ömürdən gedir. Gözümün qabağında vaxt uçur. Çalışıram o vaxtdan səmərəli istifadə edim. Başqa işlə məşğul olanlar zamanı hiss etmir. Mən hər saniyəni hiss edir, zamanın necə getdiyini görə bilirəm.

- Usta, təmir etdiyiniz ən bahalı saat hansı olub?

- Təmir etdiyim bahalı saatların sırasında "Patek Filp", "Vaşiron Konstantin", "Krtiyer" və "Biriqeyd" markalı brendlər və turbion mexanizminə malik saatları olub. Hansı ki, onlar mürəkkəb sistemə malikdir. Onların da qiyməti hardasa 100 min manatdan artıq olur. Bizim işlətdiyimiz saatlar gündə 1-2 saniyə geri fərqlə işləyirlərsə, o saatlar  ildə 1-2 saniyə geri fərqlə işləyirlər. Turbion saatlar əl işidir, usta işidir. Mürəkkəb sistemə malikdir. Onun açılıb-sökülməsi incəlik, ustalıq, təcrübə tələb edir.

- Yəqin ki, məmurların da saatını düzəltmisiniz...

- Tez-tez təmir edirəm. Məmurlar özləri bura gəlmirlər. Saatlarını sürücüləri ilə göndərirlər. Bahalı saatları görəndə hiss edirik ki, məmur saatıdır. Amma kimin saatı olduğu ilə heç vaxt maraqlanmamışam.

- Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da saatını sizə təmir etdirmək istəyib...

- İllər öncə Ərdoğan Bakıya gələndə bizim dükana da baş çəkdi. Mənim işimə baxdı və dedi ki, mənim də evdə işləməyən qədim saatım var. Bilsəydim gətirərdim siz baxardınız. Dedim xoş olar, gəlin. Çox səmimi insandır.

- Usta, hər kəs saatsaz ola bilərmi?

- Qocaman müəllimim mənə deyirdi ki, saatsazın əlindən hər bir iş gəlməlidir ki, saatı hiss edib təmir edə bilsin. Saat işləyəndə sən gərək onu hiss edəsən. Həkim ürək əməliyyatını necə diqqətlə edirsə, biz də saatı elə hiss edirik. Həkim insan üzərində işləyir, biz də detallarla işləyirik.

- Peşənizlə bağlı sizi ən çox təsirləndirən hansı hadisə olub?

- Mən bu saatlarla yaşayıram. Onların səsi ilə nəfəs alıram. Bir gün bu saatlara kiminsə baxmayacağını, onlara diqqət göstərilməyəcəyini təsəvvür edə bilmirəm. Bir dəfə qocaman bir kişi əlində əntiq saatla dükana daxil oldu. Saatını mənə bağışladı. Səbəbini soruşanda dedi ki, "bu, mənim üçün çox dəyərlidir. Əminəm ki, məndən sonra heç kim bu saata sizin verdiyiniz kimi dəyər verməyəcək, ona qulluq etməyəcək. Cavanlar bunun qədrini bilməyəcəklər, onu atacaqlar. Əminəm ki, məni ancaq sən anlayarsan”. Necə təsirli cümlə idi... Onu o qədər gözəl başa düşdüm ki... Qoca saatını, keçmişini qorumaq üçün mənə gətirmişdi. Bu saatlar ildə bir dəfə yağlanmalıdır, tənzimlənməlidir. Cavan nəsil bunlara vaxt sərf etmir. Yaşlı nəsil isə bunlara kövrək yanaşır.

Rus yazıçısı Dostoyevski deyib ki, həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım. Əkbər usta da saniyələrin nəbzini tutanlardandır. Belə görünür ki, sənəti ölsə də, onun sənət sevgisi heç vaxt ölməyəcək.