Zəlzələ nəticəsində çökən məktəbin direktoru 208 il müddətinə həbs cəzası aldı - FOTO

02:20 16-07-2021 19

Mexikoda zəlzələ nəticəsində çökən özəl ibtidai məktəbin direktoru Xuan Mario Velarde Gamez 208 il həbs cəzasına məhkum edilib.

Lenta.ru-nun məlumatına görə, bu barədə Meksika prokurorluğunun saytında verilən açıqlamada deyilir.

Həbsdən əlavə Gamez dolayı qurbanların hər birinə mənəvi zərərə görə 377,5 min peso (32,1 min manat) ödəməlidir.

Prokurorluğa görə, Gamez zəlzələyə meylli ərazidə məktəbin struktur təhlükəsizliyinə zəmanət veribmiş. Eyni zamanda, lazımi sınaqlar aparmayıb, həmçinin inzibati və inşaat qanun pozuntularına əhəmiyyət verməyib.

Məktəbin sahibi Monika Garsíya Villegas 31 il həbs cəzasına məhkum edilib. O da qurbanların ailələrinə təzminat ödəməyə borcludur.

Qeyd edək ki, faciə 2017-ci ilin 19 sentyabrında yaşanıb. Dağıntılar altında 19 uşaq və yeddi yetkin həyatını itirib.