Avropada sel fəlakətinin dəhşətli mənzərəsi: Ölənlərin sayı artdı - FOTO

20:20 17-07-2021 24

Almaniya və Belçikada sel fəlakətində ölənlərin sayı artmaqda davam edir.

“Anadolu” agentliyi xəbər verir ki, Almaniyada təbii fəlakət qurbanlarının sayı 133-ə, Belçikada isə 27-yə çatıb. Almaniyada 1 300, Belçikada isə 20 nəfərdən xəbər yoxdur.

İtkin düşən yüzlərlə insanın axtarışı davam edir. Hər iki ölkədə ölü sayının artacağı narahatlıq doğurur.

Belçikada sel fəlakətində həyatını itirənlər üçün iyulun 20-i milli matəm elan edilib.

Niderlandda çaylarda suyun səviyyəsinin qalxması səbəbindən ölkənin cənubundakı şəhər və qəsəbələrdə on minlərlə ev boşaldılıb.

Almaniya mediasının məlumatına görə, Arvayler rayonunun Zintsiq kəndində özəl xidmət mərkəzində qalan 12 əlil şəxs sel sularında boğularaq ölüb.

Kölnün cənub-qərbində Erftştadt şəhərində meydana gələn torpaq sürüşməsində çox sayda insan ölüb, bir çox ev çöküb.

Səlahiyyətli şəxslər insanları itkin düşən yaxınlarını axtarmaq üçün fəlakət bölgəsinə getməməyə çağırıb.

Seldən daha çox təsirlənən ərazilərdə mağazalardan oğurluq edənlər həbs olunub.

Almaniya, Belçika və Niderlandın sel fəlakəti yaşanan bölgələrində ictimai nəqliyyat və qatarla səyahət dayandırılıb.