Qədimi məscidləri, hamamları, adətləri ilə seçilən Maştağadan Oxu.Az-ın FOTOREPORTAJI

10:20 11-09-2021 21

Paytaxt Bakının bütün kəndləri özünəməxsus gözəl və maraqlı tarixi ilə seçilir. Onlardan biri də şəhərin ən böyük yaşayış məntəqələrindən olan Maştağa qəsəbəsidir.

Maştağa özünün bu günə qədər qoruyub saxladığı və nəsildən nəsilə ötürdüyü qədim adət və ənənələri, inam və etiqadları, şifahi ədəbiyyatı ilə məşhurdur. Burada yaşayan əhali öz adətlərinə çox sadiqdir. Onlara görə tarixi nəsilbənəsil bir-birinə ötürmək ən gözəl hədiyyədir.

Kəndin küçələri, dalanları, tarixi qədim dövrlərə dayanan hamamları, məscidləri, müdafiə qalaları, poliklinikası, pirləri, köhnə vağzalı və s. hər biri canlı tarixə şahidlik edir.

Məlumatlara görə, Maştağanın orta əsrlərdən bəri 27 hamamı, 20 məscidi olub. Eyni zamanda bir məhəllədə 5 məscidin, 7 hamamın olması Abşeronda istisna hal olub.

Fotoqrafımız Maştağanın iki ən məşhur hamamlarının mövcud vəziyyətini lentə alıb.

İlk olaraq diqqətimizi çəkən Qum hamamı oldu. Yerli əhalinin sözlərinə görə, rəsmi məlumatlarda 15-16-cı əsrə aid olduğu qeyd edilən Qum hamamı həqiqətən də qumun altında qalıb, yüzillərlə heç kimin diqqətini çəkməyib. 2 əsas və 16 kiçik otaqdan ibarət bu unikal hamamın dörd yanında saxsıdan qızdırıcı sistem quraşdırılıb, yerin altı ilə və divarlarla içəriyə istilik ötürülüb. 

Digər hamam isə Maştağa kəndinin Xunxar məhəlləsində yerləşən XIX əsrə aid hamamdır. Hamam Şamxal bəy adlı bir maştağalı tərəfindən tikildiyi üçün “Şamxal hamamı” adlandırılıb. Mənbələrdə qeyd olunur ki, hamam 1883-cü ildə usta Ağaqulu və Kərbəlayi Hacıqulu tərəfindən üzü meydana tərəf tikilib.

Əhalinin ən çox getdiyi yerlərdən biri də məscidlərdir. Maştağada yerləşən Cümə məscidi dəfələrlə dağıntılara məruz qalıb və yenidən bərpa edilib. Bu məscid 1708-ci ildə inşa edilib. İbadət zalının sahəsi 340 kvadratmetrdir. Səkkiz pəncərəli günbəz və tavan daxildən bir-biri ilə tağlarla əlaqələnmiş 20 daş sütun üzərində dayanır. Əvvəlki minarə sovetlər zamanı sökülüb. Yeni tikilən minarənin hündürlüyü 46 metrdir. Məscidin fasad hissəsindəki eyvanda daş kitabələr saxlanılır.

1994-cü ildə bu məscidin nəzdində İmam Cəfəri Sadiq mədrəsəsi açılır və gənclər burada elmi dini biliklərə yiyələnir.

Növbəti məscidlərdən biri 1836-cı ildə tikilən tarixi Hacı Əziz məscididir. XIX əsrə aid məscid Hacı Əziz tərəfindən tikilib. Məscidin sahəsi 40 kvadratmetrdir. Məscid dövlət tərəfindən qorunur.

Adı ilə diqqət çəkən məscidlərdən biri də Keçənlər Məscididir. Bu məscidin 1876-cı ildə inşa edildiyi qeyd olunub.

Daha bir məscid 1796-cı ildə inşa edilən Kərbəlayı Cəfər məscididir.

Kəndin məşhur məscidlərindən biri əhalinin Səkkizqapı Piri adlandırdığı yerdir. Həyətdə səkkiz kiçik pir var və insanlar hər gəlişdə bu pirlərin hər birini ziyarət edir, dilək diləyir.

Maştağa kəndində doğulub boya-başa çatan kifayət qədər tanınmış şəxslər var. Onlar arasında vəfat edənlər məhz Maştağa qəbiristanlığında torpağa tapşırılıb. Kənd əhalisi demək olar ki, bir-birini yaxşı tanıyır.

Kənddə keçmişdə fəaliyyət göstərən 7 saylı poliklinika da var.

Hazırda onun binası fəaliyyətə yararlı olmadığından bağlıdır. Şəxsi mülk kimi qorunur.

Maştağanın uzun illər fəaliyyət göstərən, insanların səyahətlərinə şahidlik etdiyi vağzalı isə bu gün kiçik çayxana kimi fəaliyyət göstərir.

Kənd əhalisi eyni zamanda kifayət qədər savadlı, eləcə də peşəkardır. Müxtəlif peşə sahibləri elə kəndin özündə çalışır və əhaliyə xidmət göstərir.

Onlardan biri də elə uzun illərdir Maştağada başmaqçı, papaqçı kimi çalışan ağsaqqallardır.

Ötən il Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız arasında Maştağa sakinləri də olub. Onlar üçün kəndin Şəhidlər xiyabanında ayrıca guşə ayrılıb.

Maştağanın küçələrində qeyri-adi satış piştaxtalarına rast gəlsəniz, təəccüblənməyin.

Kəndin hər bir dalanında ayrı bir mənzərə ilə rastlaşırsan. Tarix qoxan küçələrlə növbəti çəkilişlərə qədər bu dəfəlik vidalaşırıq.

Könül Cəfərli
FOTO: Firudun Səlimov