ABŞ-da peyvənd olunmayanlar işdən çıxarılmaqla hədələnirlər

00:40 16-09-2021 26

ABŞ-da getdikcə daha çox şirkətlərdə işçilər vaksinasiyaya məcbur edilir və imtina halında işdən çıxarılacaqları ilə hədələnirlər. Texnologiya və maliyyə kimi müştərilərlə birbaşa təmasın olmadığı sahələrdə belə işçilərdən COVID-19-a qarşı məcburi peyvəndlər tələb olunur.

Məsələn, “Delta Airlines” peyvənd olunmamış işçilərini ayda 200 dollar cərimə etmək planlarını açıqlayıb. Ən böyük investisiya bankı “Goldman Sachs” isə peyvəndsiz işçilərin və müştərilərin ofisə buraxılmayacağını elan edib.

Qeyd edək ki, ötən həftə prezident Co Bayden “delta” ştammının yayılması səbəbiylə ABŞ-da yoluxmaların yüksək olaraq qaldığını xatırladaraq hökumətin səbrinin “tükəndiyi” barədə xəbərdar edib və vaksinasiya nisbətlərinin artırılması planları barədə danışıb. Ağ Ev rəhbəri həmçinin 100-dən çox işçisi olan şirkətləri məcburi peyvənd tələblərini tətbiq etməyə çağırıb.

Yeri gəlmişkən, onu da bildirək ki, sentyabrın əvvəlində ABŞ-da 7,5 milyon insanın iştirak etdiyi “COVID işsizlik müavinəti proqramı”na son verilib. Ödənişləri əsasən işsiz amerikalılar və maaşlarının bir hissəsini itirənlər alırdı.

Mənbə: CNBC