Avstriya qəzeti Tellurun lüksemburqlu futbolçuya zərbəsini kunq-fu ilə müqayisə etdi - FOTO

12:20 12-11-2021 30

Millimizin və “Sumqayıt” klubunun futbolçusu Tellur Mütəllimovun dünən dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburqla oyunda rəqib futbolçu Olivye Tilli zədələməsi maraqlı bənzətmə ilə müqayisə edilib.

HerGun.Az-ın xəbərinə görə, Avstriyanın “Kronen Saytunq” (“Kron Qəzeti”) nəşri “Kunq fu? Dünya çempionatının seçmə mərhələsində qəddar zərbə ilə dəhşət” başlığı ilə yazı hazırlayıb. Yazının mətnini təqdim edirik:

“Siz Tellur Mütəllimovu tanıyırsınız? Yox? Onda siz yüksək futbol mədəniyyəti baxımından heç nəyi qaçırmamısınız. 26 yaşlı futbolçu müdafiəçi sayılır və Azərbaycan milli komandasında və klub səviyyəsində “Sumqayıt” FK-da oynayır. Təbii ki, onun məlumatlılıq səviyyəsi bundan sonra bir qədər də artacaq, çünki Lüksemburqla dünya çempionatının seçmə görüşündə Mütəllimov qəddarlığı ilə təəccüblərə səbəb oldu...

Necə oldu? Bunu izah etmək asandır: Bakı Olimpiya Stadionundakı duelin 21-ci dəqiqəsində müdafiəçi, görünür, oriyentasiyanı itirib və açıq ayaqla topu tutmaq istəyib.

Bu sadəcə axmaqlıq idi. O, qarşısındakı lüksemburqlu Olivye Tilli görmədi və ayaqla bütün gücü ilə ona sinə hündürlüyündə yandan zərbə endirdi. Şübhəsiz ki, “Kunq fu zərbəsi”ndən sonra Mütəllimovun gözlərində qorxunu gördüyümüzdən anladıq ki, o bunu qəsdən etməyib.

Hadisədən sonra Avstriyalı referi Manuel Şütenqruberdən qırmızı vərəqə alacağı dəqiq idi. Till amansız hücumdan sonra oyuna davam edə bildi. Baxmayaraq ki, həmin zərbədən sonra onda minimum bu və ya digər formada qançırın olması mümkündür...”.

Qeyd edək ki, millimiz həmin oyunda Lüksemburqa 1:3 hesabı ilə uduzub.

Səbuhi Musayev