Mingəçevirdə yaşayış binasında partlayış olub, xəsarət alanlar var

00:00 17-01-2022 71

Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan ikiotaqlı mənzildə məişət qazının sızması nəticəsində (ilkin ehtimal) yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, nəticədə mənzilin mətbəxinin tavanı yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin arakəsmə divarları və pəncərələri dağılıb. Partlayış zamanı evdə olan iki nəfər müxtəlif xəsarətlər alıb. Xəsarət alan şəxslər təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti