Azərbaycanın növbəti diplomatik qələbəsi

20:13 13-10-2022 222

    Sirr deyil ki,  Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanlarını Prezident İlham Əliyevin güclü şəxsiyyət kimi qəti iradəsi, strateji baxışı, düşünülmüş, çevik qərarları və uzaqgörən siyasəti şərtləndirir. Azərbaycan müstəqil xarici siyasətini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, beynəlxalq münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi, gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə müşayiət olunan fəaliyyətlər, Azərbaycana yaxın regionlarda yeni münaqişə ocaqlarının yaranması, beynəlxalq terrorizm təhlükəsinin, dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin artması, o cümlədən, yerləşdiyimiz regionun geosiyasi çətinlikləri şəraitində həyata keçirir. Həmçinin, ölkəmizə qarşı davamlı şəkildə dezinformasiya və hibrid müharibə əməlləri aparılır. Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, ölkəmizdə daxili təhlükə mənbələri mövcud deyil. Potensial təhlükələr ölkəmizin xaricində formalaşır. Dövlətimizin başçısının yürütdüyü çevik, praqmatik, tarazlaşdırılmış çoxşaxəli xarici siyasət ölkəmiz ətrafında xoşməramlı mühitin formalaşmasına, xaricdən olan hədə və təhdidlərin preventiv əsaslarla neytrallaşdırılmasına xidmət edir. Ona görə də, bu gün, Azərbaycan regionda sabitlik və təhlükəsizlik adası kimi tanınır. Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil, çevik xarici siyasətin həyata keçirilməsində Prezident, cənab İlham Əliyevin qonşu və digər dövlətlərin başçıları ilə görüşləri, yüksək səviyyəli dialoqu, müzakirələri müstəsna əhəmiyyətə malik amildir. Daxili siyasətdə olduğu kimi, xarici siyasət məsələlərində də dövlətimizin başçısının qrafiki gərgin, intensiv xarakter daşıyır, çoxsaylı səfərlər və görüşlərlə müşayiət olunur. Prezident, cənab İlham Əliyevin gündəliyində hər bir səfər nəticəyönümlü və praktiki xarakter daşıyır, strateji maraqlara əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edir.Oktyabr ayının 6-da Çex Respublikasının paytaxtı Praqa şəhərində “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Zirvə Toplantısında iştirak etmək üçün həmin gün Praqada səfərdə olub. Dövlətimizin başçısı səfər çərçivəsində Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə ikitərəfli və dördtərəfli görüşlər keçirib. Bu görüşlərdən sonra, Prezident İlham Əliyev Azərbaycan telekanallarına verdiyi müsahibəsində ölkəmizin mövqeyi və Ermənistanla sülh sazişinin imzalanması yönümündə atılan addımlar barədə əhatəli açıqlamalar təqdim etmişdir. İlk növbədə dövlətimizin başçısı ölkəmizə qarşı olunan bütün haqsızlıqlara, törədilən terror və cinayət əməllərinə rəğmən Azərbaycanın yenə də düşmənçilik səhifəsini qapatmaq niyyətini bəyan etdi. Təbii ki, bunun üçün Ermənistan da adekvat addımlar atmalı və ilk növbədə 2020-ci ildə imzaladığı 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. O cümlədən kommunikasiyaların açılması da vacib şərtlərdən biridir. Jurnalistlərin suallarını cavablandıran dövlətimizin başçısı bildirdi ki, kommunikasiyaların açılması məsələsi mümkün sülh müqaviləsinin hissəsi ola bilməz. Çünki bu gün kommuniukasiyalar əslində artıq açılmış olmalı idi. Ona görə ki, buda  Ermənistanın 2020-ci ildə üzərinə götürdüyü, amma bu günədək hələ də yerinə yetirmədiyi öhdəliklərdən biridir. Azərbaycan Prezidentinin dediyi kimi, Ermənistanın öz ərazisindən Naxçıvana könüllü olaraq keçid verməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır və bu məsələ ilə bağlı ölkə rəhbərləri səviyyəsində noyabrda planlaşdırılan Brüssel görüşünün gündəliyində də, xarici işlər nazirlərinin tarixi hələ müəyyən edilməyən görüşündə də, bu ay Brüsseldə Azərbaycanın təklifi ilə təşkil olunacaq delimitasiya üzrə görüşlərdə də üstünlük təşkil edəcək. Sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı artıq, razılıq əldə olunub. Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki komissiyasının göndərilməsinə razılıq verib və artıq, bu missiya öz işinə bu aydan etibarən başlayıb. Növbəti iki ay müddətində bu təsisatın fəaliyyətinin etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəyi nəzərə alınaraq, Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Görüşün nəticəsində verilmiş və mahiyyət etibarı ilə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Bəyanatda deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Beləliklə, ölkəmizin suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanımış oldu. Sözsüz ki, bu Bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsi kimi dəyərləndirilməlidir.

   Xarici siyasətimiz uzunmüddətli strategiyaya hesablandığı üçün, dövlətimizin başçısı tərəfindən irəli sürülən bir sıra təşəbbüslər var ki, onların uğurlu nəticəsini Azərbaycan xalqı hələ, qarşıdan gələn illər ərzində görəcək.

  Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.