Biz, artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik

14:31 18-03-2023 226

   Məlumdur ki, “Novruz” bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra, 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu, o vaxt ölkəmizin rəhbəri seçilən Ümummilli Lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət- ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi. Ulu Öndər Heydər Əliyev Novruzun həm də milli birlik bayramı adlandırırdı. - “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval – ruhiyyə yaradıbdır. Ona görə də, bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır”.

   Hər bir məsələdə Ulu Öndərin ideyalarına tapınan Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edərək çağdaş dövrün reallıqları ilə şərtlənir. Ölkə Prezidenti, cənab İlham Əliyevin xalqımıza Novruz təbriklərində bu mövqe bir daha aydın görünməkdədir. Bu bayramı müqəddəs milli irs hesab edən Dövlət Başçısı demişdir: - "Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliymizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir".

Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri" elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş genişmiqyaslı fəaliyyət dövlətin mədəniyyət siyasətində xalqın sakral energetikasına bağlı milli dəyərlərin prioritet kimi götürülməsinin nə qədər doğru və real olduğunu təsdiqləyir. Bu istiqamətdə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycanın siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə, etnoenergetik qüvvəyə malik olduğunun parlaq sübutudur. Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il 23 fevral tarixində mart ayının 21-ni Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verdiyinə dəlalət edir.

Mənfur düşmənin 30 ilə yaxın müqəddəs torpaqlarımızı işğal altında saxlaması bizə Novruzun istisini tam olaraq hiss etməyə imkan vermirdi, çünki Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı kimi müqəddəs torpaqlarda Novruz tonqalları qalanmırdı. Gələcəyə nikbinliklə və əminliklə baxan Ulu Öndər Heydər Əliyev deyirdi - “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

   Budur, artıq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz, artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. 2021 ci ildə dövlətimizin başçısının və ailə üzvlərinin Şuşaya Novruz bayramı ərəfəsinə təsadüf edən növbəti səfəri zamanı Cıdır düzündə 28 ildən sonra ilk dəfə bayram tonqalı alovlandırıldı. Ölkə Prezidenti, cənab İlham Əliyevin tonqal ətrafındakı müraciətindən sitat gətirmək yerinə düşər: - “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik”. 

  Müşfiq Səfərov.

   Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.