Xarici İşlər naziri ilə AQEM Katibliyinin icraçı direktoru arasında görüş olub – FOTO

21:00 29-03-2021 390

Tacikistana səfəri çərçivəsində Xarici İşlər naziri Ceyhun Bayramovun AQEM Katibliyinin icraçı direktoru Kairat Sarıbay ilə görüşü keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, görüşdə icraçı direktor Azərbaycanın ilk gündən etibarən AQEM çərçivəsində fəal iştirakını qeyd edərək, bu xüsusda təşəkkürünü ifadə edib. Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolu məmnunluqla qeyd olunub.

Kairat Sarıbay Azərbaycanın regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını vurğulayıb.

Öz növbəsində nazir Ceyhun Bayramov Azərbaycanın ilk gündən AQEM təşəbbüsünü dəstəklədiyini və bura qoşulan ilk dövlətlərdən biri olduğunu qeyd edib, sözügedən platformanın işində ölkəmizin yaxından iştirak etdiyini vurğulayıb.

Nazir ölkəmizin nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri çərçivəsində ölkəmizin əlaqələndirici rolunun davam etdiriləcəyini və qarşıdan gələn müddət ərzində bu xüsusda növbəti tədbirin keçiriləciyini bildirib.

Görüşdə, həmçinin tərəflər digər regional məsələlər ətrafında, xüsusilə də post münaqişə mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.