YARIMÇIQ YAZILMIŞ DASTAN
ŞƏHİD RÜSTƏMLİ BƏHRUZ. MALİK OĞLU
İnsan dünyaya bir dəfə gəlir. Dünyaya gələn hər bir insan Uca Tanrı tərəfindən ona verilən ömür pyını yaşayır. Bu ömür payı da hər bir insan üçün müxtəlif olur. Qurub-yaradan insanlar, sülh istəyən insanlar, müharibə və çirkin əməllər istəyən insanlar, yaradıcı insanlar və bir də gələcək nəsillərin firəvan yaşaması, xoşbəxtliyi üçün yaşayan insanlar. Gələcək nəsillərin azad, firəvan yaşaması üçün yaşayan insanlar vətənini, yurdunu, elini-obasını, torpağını canlarından çox sevənlərdir. Bu insanlar şəhidlər, qazilərdir.
Vətən uğurunda şəhid olmaq adi ölüm deyil. ŞƏHİDLİK - Vətəni, torpağı, böyük amallar uğurunda şüurlu surətdə Tanrı tərəfindən verilmiş ömür payını el-oba üçün, insanların xoşbəxtliyi üçün bağışlamaqdır. Belə yüksək amal uğurunda, torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına həlak olan şəhidlərimizdən biri haqqında dastan yazmaq istəyirəm.
Şəhid Rüstəmli Bəhruz. Malik oğlu. Bu adı indi təkcə doğulduğu Qəhrəmanlı qəsəbəsində deyil, Beyləqanda, Azərbaycanda hər kəs tanıyır. Onun igidliyi ilə fəxr edir, qürur duyur.
Rüstəmli Bəhruz, Malik oğlu, 01 oktyabr 1998-ci il tarixdə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub.
O, doğulduğu Qəhrəmanlı qəsəbəsində fəaliyyət göstərən şəhid T.Məmmədov adına tam orta məktəbdə birinci sinifə daxil olub və 2013-cü ildə həmin məktəbi uğurla bitirib.
Məktəbdə oxuduğu illər ərzində sinif yoldaşlarının, müəllimlərin rəğbətini qazanıb. Onu tanıyanların yaddaşında istiqanlı, təvəzökar, qayğıkeş,səmimi bir şagird kimi qalır. Bəhruz hələ uşaq ikən atasını itirir.
Ailədə iki qardaş olan Bəhruz ev işlərində də anasına yaxından köməkliklər edir. Böyük qardaşı Mövlanı çox sevərdi, ona arxalanar, güvənərdi.Qardaşı ilə fəxr edərdi.
Bəhruz 2013-cü il tarixdə Beyləqan rayonu Qəhrəmanlı qəsəbə şəhid T.Məmmədov adına tam orta məktəbi bitirir.
2015-ci illdə Beyləqan rayon Hərbi Komissarlığı tərəfində həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu ləyaqətlə davam edib. Burada əsgər yoldaşlarının , komandirlərin hörmətini qazanıb. Komandirləri tərəfindən təşəkkürnamələr alıb.İçində hərbiçi olmaq arzusu yaranıb…
2017-ci il tarixdə hərbi xidmətini bitirib doğulduğu Qəhrəmanlı qəsəbəsinə qayıdır. Hərbiyə marağı onu yenidən ordu sıralarına aparır.
2017-ci ildə Füzuli rayonunda “ N” saylı hərbi hissədə xidmətini davam etdirir.
2018-ci ildə Çavuş rütbəsi alır. Vətənin keşiyində dayanır. Üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlir.
2020-ci ild sentyabr ayının 27-də başlanan Vətən müharibəsində qələbəmizin qazanmasında əlindən gələni əsirgəmir. 44 gün davam edən döyüşçülərdə igidliklər göstərir. Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidməti edən Bəhruz döyüşlərdə də cəsurluq, qorxmazlıq, igidlik göstərir. Müharibədə göstəərdiyi igidliklərə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” meddalları ilə təlltif olunur. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
44 günlük müharibədən sonra da Bəhruz Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam edir. Göstərdiyi nümunəvi xidmətdən, onun igidliyindən, qormazlığından zabit və əsgərlər ürək dolusu danışır, onunla fəxr etdiklərini deyirlər. Komandir və döyüş yoldaşları arasında öz qorxmazlığı, cəsurluğu,igidliyi ilə seçilərdi. Elə buna görə də döyüşlərdə ən qaynar nöqtələrdə Bəhruzu görmək olardı.
2022-ci il tarixdə sentyabr ayında mənfur ermənilər yenə də atəşkəsi pozaraq ölkəmizə qarşı terror əməliyyatlarına başladı. Bəhruz da digər döyüşçü yoldaşları kimi anti terror əməliyyatlarrda iştirak edib.
20 sentyabr 2023-cü il tarixdə növbəti antiterror əməliyyatı zamanı Rüstəmli Bəhruz Malik oğlu şəhidlik zirvəsinə ucallıb.
Subay idi.
Bəhruz şəhidlik zirvəsinə ucaldıqdan sonra “Vətən uğurunda”, “Vətənə xidmətə görə “ 3- dərəcəli ordenə layiq görülüb.”
Bəhruuzun adını əbədiləşdirmək üçün doğulduğu Qəhrəmanl qəsəbəsində küçələrdən biri Rüstəmli Bəhruz Malik oğlunun adını daşıyır. Bu küçə ilə hər gün məktəbə gedən uşaqlar böyüyəndə Bəhruz kimi igid olub, vətənin keşiyində dayanmağı , onun kimi qəhrəman olmağı arzulayırlar.
Vaxtı ilə oxuduğu məktəbdə Bəhruz Rüstəmlinin adına sinif otağı da verilib. Dərsə gələn uşaqlar burada Bəhruzun keçdiyi döyüş yolu barədə məlumatlar alırlar. Müəllimləri Bəhruzun 44 günlük müharibədə göstərdiyi igidlikdən və antiterror əməliyatı zamanı göstərdiyi şücaətlər barədə şagirdlərə mütamadi olaraq bilgilər verirlər.
Şəhidimizin anası Hüseynova Sevinc Feyzulla qızı:
-İki övladımız olub, Bəhruz və Mövlan. Onlar atalarını uşaq ikən itiriblər. Atasız böyütmüşəm övladlarımı.Çalışmışam ki, onlar atasızlığı hiss etməsinlər. Hər bir valideyin üçün övladı şirindir. Mənim övladlarm da mənim üçün şirindir. Heç bir ana istəməz ki övlad dağı görsün. Oğlum vətən müharibəsindən qəhrəman kimi qayıtmışdı. Vətənimizi mənfur düşmənlərdən azad edənlərdən biri də Bəhruzum olub. Anti terror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalıb, oğlum.Bu itki ilə barışa bilmirəm. Bəhruzuma toy edəcəkdim. Qismət olmadı
Mövlan Bəhruzdan iki yaş böyükdür. Alaha şükürlər edirəm ki, belə övladlarım var.
Ağrılı-acılı günlərimiz də olub. Belə çətin anlarımda hər iki övladım mənə dəstək olublar. Bəhruz elə uşaq vaxtlarından bütün ev işlərində mənə yaxından köməkliklər edərdi. Ei-oba arasında böyük hörmətli olub.İnsanların xeyirnə, şərinə yarayıb.
Bəhruz kimi övladlarımla fəxr edirəm. Şəhidlərimizin sayəsində bu torpağın üstündə alnı açıq gəzirik. Allah bütüm şəhidlrimizə rəhmət eləsin!
Şəhidimizin qardaşı Rüstəmli Mövlan Malik oğlunun dediklərindən:
-Qardaş itkisi çox ağırdır. Qardaşımla fər edirəm.
Bəhruzun idmana böyük marağı olub. Amma, ən çox sevdiyi idman növü futbol olub. Yaxşı yadımdadı 2014-cü ilin may ayının 7-də futbol üzrə rayon birinciliyində komandaları birinci yer tutbuğuna görə çox sevinirdi. Beyləqan rayon Uşaq Gənclər İdman Məktəbinin futbai üzrə keçirdiyi rayon birinciliyində I yer tutduqlarına görə ona Diplom vermişdilər. Sevincini mənimlə bölüşərək gələcəkdə yaxşı futbolçu olmağını da mənə demişdi. Amma onun bütün arzuları yarımçıq qaldı…
2020-ci il, 27 sentyabr .
Bu müharibə zamanı şəhid və qazilərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa diləyirəm.
Bəhruz 44 günlük Vətən müharibəsindən sağ qayıdan igidlərimizdən biri oldu.
Bəhruz kimi igidlər 44 günlük vətən müharibəsində sücaətlər göstərərək mənfur düşmənlərimiz üzərində qələbə qazandılar.Zəfər bayramını bizlərə yaşatdılar.
2020-ci il Zəfər bayramını təntənəli surətdə dost-qardaş ölkələrlə birgə reyd etdik. Bu zəfərin qazanılmasında Bəhruzun da az da olsa xidməti olduğu üçün fəxr edirdi. 20 dekabr 2020-ci il tarixdə xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən
-31 dekabe Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunub.
Müharibədən sonra da -Xüsusi Təyinatlı Qüvvələrdə xidnətini davam edib.
2018-ci ildən Bəhruzla bir yerdə xidmət edən döyüşçü yoldaşı Abbasov Əmrah onun haqqında danışır:
- 2023-cü ildə Xocavənd dağlarında anti terror əməliyyatı zamanı şiddətli döyüşlər gedirdi. Döyüş zamanı bir yerdə idik. Bərabər döyüşürdük. Bu zaman bizim döyüşçülərdən bir nəfər yaralandı.Yaralı döyüşçü elə yerdə idi ki, heç kim ona yaxınlaşa bilmirdi. Mənfur düşmən həmin yeri minamiyot atəşi ilə ara vermədən vururdu.
Bəhruz düşmənə atəş aça-aça həmin yerə yaxınlaşdı. Yaralını oradan çıxartıdı. Yenidən döyüşə atıldı. Bu zaman Bəhruzu vurdular. Yaralandı. Yerə yıxıldı. Qalxdı. Silahını götürüb başladı irəliləməyə. Bu zaman mənfur düşmən ikinci dəfə minamyotla Bəhruz hücum etdiyi yeri atəşə tutdu. Minamyot mərmisi onun sol tərəfinə düşdü. Mərmi Bəhruzu olduğu yerdən 30 metrə qədər kənara tulladı…
Mən Bəhruzun yanına çatıb onu çıxarmaq istəyəndə gördüm ki, Bəhruz şəhidlik zirvəsinə ucalıb. Allah rəhmət eləsin.
Bəhruzun yaralı halda çıxartdığı döyüşçü isə qərərgah rəisidi, sağdır.
Şair, publisist Tahir Hüseyn:
-Kimlərinsə məsəl çəkməsi ilə deyil,
Allahın seçməsi ilədir şəhidlik.
Başqalarını özlərindən çox sevənlərdir, Şəhidlər.
Vətəni başqalarında çox sevənlərdir , Şəhidlər.
Allahı- hamıdan və hər şeydən çox sevənlərdir , Şəhidlər!
Onlar Haqq üçün əkilənlərdir,
Onlar Haqq üçün seçilənlərdir.
Onlar haqq önündə kiçilənlərdir,
Onlar Haqq üçün biçilənlərdir.
“Quran”Ali İmran surəsi 169, 170, 171…
Sən heç kimə yük deyilsən Şəhidim,
Sən həm də tək deyilsən Şəhidim.
Çoxlarının çata bilməyəcəyi
Uca Məkana,
Uca Məqama,
Uca ad-sana
Cavankən çox qıısa bir yolla,
Çox qısa bir ömrlə,
Əbədilik qazanan Allahı razı salan,
İnsan və insanlıq
Nümunəsisiniz,
Cəmi Şəhidlərimiz!!!
Allahın salamı olsun, cəmi Şəhidlərimizə, Qazilərimizə. Vətənin keşiyində hər an döyüşə hazır olan əsgər və zabitlərimizə. Sizlərin sayəsində VƏTƏNİMİZ AZADDIR!!!
UCA MƏQAMLI ŞƏHİDLƏR
Rəbbi üçün əkiliblər,
Rəbbi üçün seçiliblər,
Rəbbi üçün biçiliblər
Uca məqamlı şəhidlər.
Əllərini açıb göyə,
Oxuyarlar surə, ayə.
Əməyiniz getməz zayə,
Uca məqamlı şəhidlər.
Vətənə can verənlərdir,
Haqq qədrini bilənlərdir.
İgidlərdir, ərənlərdir,
Uca məqamlı şəhidlər.
Dərdi sıxıb sinəsinə,
Dərdi vermir özgəsinə.
Dözmür ürək, dözmür sinə,
Uca məqamlı şəhidlər.
Bəhruzun timsalında bu şeiri bütün şəhidlərimizə həsr edir, Tahir Hüseyn.
14 mart 2024-cü il tarixdə şəhidimizi ziyarət etdik.
Həmin gün şair dostum Tahir Hüseynlə şəhid Bəhruz Rüstəmlini və şəhidlərimizi ziyarət etdik. Onu da qeyd edim ki, şəhid Rüstəmli Bəhruz Malik oğlunun məzarı Beyləqan rayonunun Bahar qəsəbəsində şəhidlər xiyabanındadır. Şəhidlər xiyabanı və qəbrstanlıq insanlarla əhatə olunmuşdu. Elə bil bütün Beyləqan bura toplaşmışdı. Şəhidlər xiyabanında uyuyan şəhidləri anmaq üçün ölkəmizin müxtəlif guşələrindən insanlar buraya gəlmişdilər. Buraya ziyarətə gələnlər bilirlər ki, şəhidlik zirvəsindən uca zirvə yoxdur. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Bu zirvəyə, qorxmaz, cəsarətli, qəhrəman, igid , xalqı yolunda canlarını fəda etməkdən çəkinməyən oğullar yüksələ bilirlər.
İnsan xatırlanmayanda ölür. Bizim xalq daima öz şəhidini xatırlayır. Günün hansı vaxtı desən şəhidlər xiyabanında insanları görmək olar. Aylar, illər ötüb keçəcək amma, şəhidlərimiz heç vaxt unudulmayacaq. Nə qədər ki, Azərbaycan var, şəhidlərimiz bizim qəlbimizdə yaşayacaq. Şəhirlər xatırlananda ölmürlər. Şəhidlərin xatirələri hər zaman anılırsa, deməli onlar ölməyiblər,yaşayırlar.
Bu gün ölkəmizin hər yerində şəhidlərimizin xatirələri dərin ehtiramla yad edilir. Şəhidlərimizin uyduğu məkan and yerimizdir.
ÖLMƏYİBSƏN, YAŞAYIRSAN ŞƏHIİDİM
Aylar,illər ötüb keçər bilirik,
Sən getdiyin cığır-izlə gəlirik,
Bu Vətəni sənin kimi sevirik,
Ölməyibsən, yaşayırsan Şəhiidim!
Zəfər çaldıq, bu bizim qələbədi,
Bu düşmənin ürəyinə zərbədi.
Xalqımızın qəlbindəsən əbədi,
Ölməyibsən, yaşayırsan Şəhiidim!
Azad oldu yurdumuz, torpağımız,
Dalğalandı zirvədə bayrağımız.
Öz igidin, sevir bizim xalqımız,
Ölməyibsən, yaşayırsan Şəhiidim!
Sən bu yurdun, bu vətənin oğlusan
Torpaq üçün , el üçün doğulmusan.
Sən ananı, vətəni qorumusan
Ölməyibsən, yaşayırsan Şəhiidim!
Tanrı sevir, haqqı sevən, insanı,
Qəhrəmanın möcüzədi hər anı.
Zəfəriniz mat edibdi dünyanı,
Ölməyibsən, yaşayırsan Şəhiidim!
Şəhid Rüstəmli Bəhruz Malik oğlunun ev muzeyində olduq. Muzeydəki şəkillərlə tanış olduq. Şəkillərlə danışdıq…
Muzeyə şair dostum Tahir Hüseynlə daxil olduq. Şəhidimizə salam verdik.
-Salam Bəhruz.
İcazə verirsənmi bu eksponatlarla tanış olaq?
Eksponatlarla tanış olduq…
Muzeydən çıxanda ikimizin də gözümüz dolmuşdu.
Vətənimin igid,mərd, qəhrəman oğlu, Sizlərin sayəsində bu gün alnı açıq gəzə bilirik.
Sizlərin igidlikləri qarşısında baş əyirik.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!