Trampa daha bir zərbə - Müşavirini 20 il müddətinə həbs gözləyir

06:40 16-11-2019 376

Məhkəmə Trampın sabiq müşaviri Rocer Stounu yalançı şahidlikdə, ədalət mühakiməsinin qarşısını almaqda və başqa şahidi yalan ifadə verməyə təhrik etməkdə təqsirli bilib. 

ABŞ KİV-nin yaydığı məlumata əsasən, Stouna hökm fevralın 6-da oxunacaq, o, 20 ilədək həbs oluna bilər. Söhbət 2016-cı ildə ABŞ-da prezidentlik kampaniyası zamanı pozuntuların araşdırılmasından və Rusiyanın seçkilərə mümkün müdaxiləsindən gedir.

Eləcə də, münsiflər heyəti Stounun demokratları ləkələyən məlumatları əldə etmək üçün  “Wikileaks” saytının nümayəndəsi ilə əlaqə qurduğunu müəyyən edib.

Donald Tramp məhkəmənin qərarını ikili standartlar siyasətinin təzahürü adlandırıb. O özünün “Twitter” səhifəsində bildirib ki,  seçkilərdə demokratlardan olan namizəd Hillari Klinton, MKİ-nın keçmiş rəhbəri Riçard Brennan və Rusiya üzrə xüsusi prokuror Robert Müllerin yalan danışıb-danışmadıqları barədə də düşünmək yerinə düşər.

Xatırladaq ki, Müllerin istintaqı 2019-cu ilin mart ayında başa çatıb. Stone onun fiqurantlarından biri idi. Xüsusi prokuror Rusiya nümayəndələrinin seçkiqabağı yarışa müdaxilə etmək cəhdlərini üzə çıxarıb, amma Trampla Rusiya arasında sövdələşməni sübut edə bilməyib.