Azərbaycan dövləti, artıq səkkiz ölkəyə təbii qaz ixrac edir

20:34 20-02-2024 488

     Sirr deyil ki, Azərbaycan dövlətinin milli maraqlara uyğun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz qlobal xarakterli transmilli layihələrin mərkəzinə çevrilmişdir. Bu gün, Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə reallığa çevrilmir. Azərbaycanın enerji siyasəti Cənubi Qafqazdakı təhlükəsizliyin, inkişafın və gələcəyin təminatçısıdır. Xarici investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması beynəlxalq çərçivədə əməkdaşlığı daha da dərinləşdirir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın aparıcı dövlətləri və təşkilatları tərəfindən uğurlu enerji ixracatçısı və təhlükəsizlik qarantı adlandırılır. Qlobal məkanda ölkəmizin siyasi və iqtisadi çəkisi günü-gündən artır, Cənubi Qafqaz və Xəzər dənizi regionunda lider dövlət kimi Azərbaycanla hesablaşılır. Enerji sektorunda əldə edilən uğurların inkişaf dinamikasına nəzər yetirsək görərik ki, Azərbaycan vahid iqtisadi enerji planı üzrə uğurla irəliləyərək böyük nailiyyətlər əldə etmişdir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin açılışı, 2011-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının şaxələndirilməsini stimullaşdırmaq məqsədilə çox mühüm sənəd hesab edilən Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq, eləcə də, enerji sahəsində Anlaşma Memorandumunun imzalanması enerji ixracatını daha da artırdı. Ardınca, 2014-cü ildə Cənub Qaz Dəhlizi ilə bağlı Bakıda və 2015-ci ildə isə Türkiyənin Qars vilayətində TANAP-ın təməlqoyma mərasimləri baş tutdu. 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Bununla da, Azərbaycan təbii qazının Avropaya uğurla ixracı başlandı. Xüsusi qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsinə, dərinləşməsinə xidmət edən layihədir. Avropanın enerji təhlükəsizliyinin aradan qaldırılması bilavasitə Azərbaycanın adı ilə bağlıdır. Ölkəmizin Qoca qitənin bu xüsusdakı təminatçısı olması yüksək nüfuzun, etimadın və etibarlı tərəfdaşlığın göstəricisidir. Trans-Anadolu Boru Kəməri Azərbaycan qazını Gürcüstan vasitəsilə Türkiyə-Yunanıstan sərhədinə kimi çatdırır. Trans-Adriatik Boru Kəməri (TAP) isə, Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya çatdırır. Qeyd edək ki, hər iki layihənin ümumi dəyəri 12 milyard dollar təşkil edir və cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşmışdır. Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr, 2022-ci ildə 22,6 milyard kubmetr təbii qaz ixrac edərək öz enerji potensialını dünya miqyasında sübut etmişdir. 2023-cü il ərzində isə, ölkəmizin 24,5 milyard kubmetrdən çox təbii qaz ixrac edəcəyi proqnozlaşdırılır. Həmçinin, enerji ixracatında uğurlu inkişaf və mavi yanacaq resurslarının artırılması istiqamətində "Şahdəniz" qaz yatağı layihəsinin önəmli rolu var. Ölkə Prezidenti, cənab İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində Azərbaycanın Dövlət Neft Şirkəti və Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın müvafiq şirkətləri arasında əməkdaşlığın təşviqi ilə bağlı anlaşma memorandumunun imzalanması nəticəsində Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayını artırmaqla, önəmli iqtisadi irəliləyişə nail olmuşdur. Bu layihə çərçivəsində bütövlükdə Azərbaycanın qaz ixracının coğrafiyasının genişlənməsi və bu sahədə əldə edilən gəlirlərin səviyyəsinin artması gözlənilir. Digər tərəfdən, ölkə Prezidenti, cənab İlham Əliyev 28-ci Xəzər neft və qaz beynəlxalq sərgisinin, həmçinin,  11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - Caspian Power sərgisinin açılış mərasimindəki çıxışında Avropaya qaz nəqlinin artacağını bildirmişdir. Azərbaycan qazına tələbatın artdığını diqqətə çatdıran ölkə başçısı təchizat coğrafiyasının genişlənəcəyini də vurğulamışdır. Son bir il yarım ərzində 10-dan çox ölkənin Bakıya müraciət edərək qaz nəqlinin artırılmasını və ya başlanmasını xahiş etməsi olduqca əlamətdar hadisədir: "Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng "Şahdəniz" yatağımızdır, digər yataq "Abşeron"dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda "Abşeron"dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik", - deyə bildirən ölkə başçımız Azərbaycanın gələcək enerji planları çərçivəsində TANAP-ın 32 milyard, TAP-ın isə, 20 milyard kubmetrə qədər genişləndirilməsi barədə də məlumat vermişdir. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və "Həmrəylik halqası" layihəsinin işə düşməsi ilə Azərbaycan qazı Avropanın önəmli hissəsinə çatdırılmış olacaq. Bundan başqa, Azərbaycan əlavə qaz həcmləri üçün bir neçə mənbə üzərində davamlı olaraq çalışır. Hazırda çıxarıla bilən qaz ehtiyatlarımız 933 milyard kubmetr, ehtiyatlarımız 1,7 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlarımız isə təxminən 4 trilyon kubmetrdir. Şübhəsiz ki, Abşeron, Qarabağ, Ümid, Babək və Azəri-Çıraq-Günəşli Dərin Qaz layihələrində qısa və ortamüddətli perspektivdə əlavə qaz həcmlərinin hasil ediləcəyi təqdirdə, gələcəkdə Avropaya qaz ixracatının həcminin daha da artırılması gözlənilir. Bu gün, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Azərbaycanın xarici siyasətində ikitərəfli, eləcə də, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi əsas yer tutur. Bu əməkdaşlığın mühüm sahələrindən biri də enerjidir. Özünün enerjiyə daxili tələbatını tam ödəyən ölkəmiz dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə daim diqqət mərkəzindədir...

   Sabit Mehdiye,

   Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.