“Amazon” Pentaqonun “Microsoft”la bağlı qərarından şikayətləndi- məhkəmə gözlənilir

06:20 23-11-2019 452

“Amazon” şirkəti ABŞ federal məhkəməsinə  Pentaqonun “Microsoft” ilə məlumatların saxlanılmasının bulud infrastrukturunun yaradılması üçün 10 milyard dollarlıq müqavilə bağlamaq qərarına etiraz edən iddia ərizə ilə müraciət edib.

Bu barədə “Bloomberg” qeyd edilən sənədə istinadən xəbər verir.

Bildirilir ki, iddia cümə günü verilib. Sənədin məzmunu məxfi məlumatların qorunması məqsədilə açıqlanmır.

Xatırladaq ki, Pentaqon cari ilin oktyabrın 26-da “Microsoft” ilə bulud texnologiyaları üzrə 10 mlrd dollarlıq müqavilə bağlayacağını bildirmişdi. 

Korporasiya hərbçilərin pulu uğrunda mübahisədə  “Amazon”, “Oracle” və IBM kimi rəqiblərini üstələyib.

Müdafiə Nazirliyinin qərarı ən çox “Amazon”u təəccübləndirib. Belə ki, MKX və ABŞ-ın müxtəlif hökumət agentliklərini avadanlıqlarla təchiz edən məhz bu şirkət müsabiqənin favoriti hesab edilirdi.

Bəzi mənbələr bildirirlər ki, “Amazon”un məğlubiyyəti şirkətin rəhbəri Ceff Bezosun ABŞ prezidenti Donald Trampla mürəkkəb münasibətləri fonunda olub. Belə ki, Amerika lideri özünün “Washington Post” qəzetində cari administrasiyanı müxtəlif xətalarda ittiham edən biznesmeni  dəfələrlə tənqid atəşinə tutub.