Bakıdakı sürüşmə zonasından - FOTOREPORTAJ

16:00 25-11-2019 553

Son günlər ölkə ərazisində yağan intensiv yağışlar bir sıra fəsadlar yaradıb. Nəticədə, paytaxtın Bayıl qəsəbəsində növbəti dəfə sürüşmə hadisəsi qeydə alınıb. Bu dəfə sürüşmə Bakı-Salyan yolunun Bibiheybət məscidinin yaxınlığından keçən hissəsində baş verib. Sürüşmə nəticəsində yolun bir hissəsi uçub, nəqliyyat vasitələrinin hərəkəti isə məhdudlaşdırılıb.

HerGun.Az-ın əməkdaşları hadisənin təfərrüatını öyrənmək üçün əraziyə yollanıb.

Təhlükəsizlik məqsədilə nəqliyyat vasitələri ilə yanaşı, piyadaların da həmin ərazidə hərəkəti polislər tərəfindən tənzimlənir. Ərazinin yaxınlığı xüsusi lentlərlə bağlanıb və icazəsiz oraya daxil olmaq qadağan edilib.

Gecə saatlarında baş verən sürüşmə ilə əlaqədar hadisə yerinə Baş nazir Əli Əsədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov gələrək, mövcud vəziyyətlə və səhər saatlarından etibarən görülən işlərlə tanış olublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov noyabrın 24-ü axşam saatlarında baş verən sürüşmə ilə bağlı Baş nazir Əli Əsədova məlumat verib və sürüşmənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışıb.

Onu da bildirək ki, 2011-ci ildən istismarda olan yol 2018-ci ildə yenidən təmir olunaraq istifadəyə verilib.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli agentlik əməkdaşlarının dərhal hadisə yerinə gələrək vəziyyəti nəzarətdə saxladığını deyib:

“Hadisə gecə saatlarında baş verib. Bizim əməkdaşlar eləcə də digər qurumların əməkdaşları gecikmədən hadisə yerinə gəlib. Əraziyə baxış keçirilib, insanların təhlükəsizliyinin təmin olunması məqsədilə nəqliyyat vasitələrinin bu yol üzərindən hərəkəti məhdudlaşdırılıb.

Hazırda tərəfimizdən agentliyin səlahiyyətlərinə daxil olan bütün məsələlər araşdırılır və görüləcək addımlar barədə ətraflı məlumat veriləcək. İlkin olaraq onu deyə bilərəm ki, təmir-bərpa işləri qısamüddətli olmayacaq. Ən azı bir neçə ay burada işlər görüləcək”.

Hadisə yerinə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə sürüşmənin, gərginliyin hələ də davam etdiyini bildirib:

“Bildiyiniz kimi, Bayıl qəsəbəsi sürüşməyə meyilli ərazidir. Ötən ilin fevral ayında Bayıl dərəsinin sağ yatağında, bu ilin oktyabr ayında isə Badamdar ərazisində sürüşmə baş verib. Bu sürüşmələrin bir-biri ilə əlaqəli olduğunu demək mümkün olmasa da, bu çox ciddi məsələdir. Qeyd etdiyim ərazilər daima nəzarətdə saxlanılmalıdır. Mən keçən həftə bu ərazilərdəki vəziyyətlə bağlı məlumat vermişdim.

Dünən axşam saatlarında isə Bibiheybət məscidinə yaxın olan,hazırda olduğumuz bu ərazidə sürüşmə olub. Gördüyünüz kimi, yolun təxminən 80-100 metrlik hissəsi uçub, digər hissələrdə isə iri çatlar yaranıb”.

Ə.Qaralov sürüşməyə səbəb olaraq insan amilini misal gətirib.

Xatıradaq ki, daha əvvəl Badamdar və Bayıl qəsəbələrində qeydə alınan sürüşmə hadisələrində ilkin səbəb olaraq həmin ərazilərdə kanalizasiya sistemlərinin qaydasında olmaması irəli sürülmüşdü.

Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda asfalt qatı dağılıb və axşam saatlarından yaranan çatların həcmi daha da artıb. Sürüşmənin yenidən aktivləşməsi ehtimalı nəzərə alınaraq, ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

Yaxınlıqdakı ərazilərdə yaşayış evlərinə ziyan dəyməsə də, “Mercedes” markalı, 90 NV 884 nömrə nişanlı maşın uçqun altında qalıb. Avtomobil sahibi Fərrux Qasımzadə deyir ki, avtomobilə dəyən ziyanın ödənilməsi ilə bağlı heç kim, heç bir məlumat verməyib.

“Həmişə avtomobilimi burada saxlayıb dənizə gedirdim. Bir ay bundan qabaq maşını burada saxlamışdım. Dünən təxminən gecə saat 1 radələrində qayıtdım və avtomobilimə minmək istəyəndə uçqun başladı. Maşına çatmağıma 50 metr qalmışdı. Gözümün qabağında torpaq maşının üstünə töküldü. 1-2 dəqiqə maşına tez minsəydim, bəlkə də, faciə olardı. Hələlik maşını uçqunun altından çıxarmayıblar. Avtomobilimə dəyən ziyanın ödənilib-ödənilməyəcəyi ilə bağlı mənə bir söz deyilməyib”.

Sürücülərin alternativ yollardan istifadə etməsi üçün Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, yolda təmir-bərpa işləri bitənə qədər xüsusilə yük maşınlarının Bakı-Salyan yolunun 14-cü kilometrliyindən mərkəzə doğru hərəkəti tamamilə məhdudlaşdırılıb:

“Eyni zamanda, nəqliyyat vasitələri 3-cü kənar dairəvi yol vasitəsilə Yasamal rayonu ərazisindən keçməklə hərəkətə davam etməsi, bununla yanaşı, ərazidə yaşayan sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün isə müvafiq yol nişanlarının qoyulması tapşırılıb”.

Ərazidə baş verən sürüşmə ilə bağlı Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində qəza olub. Nəticədə, Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıx qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək. 

Məsələ diqqətdə saxlanılır. Baş verən yeniliklər arədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov