Prezidentin Avropa İttifaqına mesajları: Əks təqdirdə saziş imzalanmayacaq – ŞƏRH

16:00 24-12-2019 794

Azərbaycan Prezidenti İlham Əliyev ilin yekunları ilə bağlı yerli jurnalistlərə verdiyi müsahibədə bir çox məsələni əhatə edən mövzulara toxunub.

Ölkə başçısı müsahibə zamanı 2019-cu ildə Azərbaycanın daxili və xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi və sosial inkişaf, enerji və nəqliyyat-tranzit layihələri, parlament seçkiləri ilə bağlı aktual məsələlərə münasibət bildirib.

Müsahibədə Prezidentin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından söz açması da diqqət çəkən məqamlardandır.

2019-cu ildə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin dinamikasında müsbət tendensiyalar müşahidə olunub.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda Avropa İttifaqı ölkələrinə 10 milyard dollar dəyərindən çox məhsul ixrac edilib. Avropa İttifaqı ölkələrindən Azərbaycana idxal olunan məhsulların dəyəri isə 2 milyard dolları keçib.

Ümumiyyətlə son 10 il ərzində Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 28 faiz artıb.

2014-2018-ci illər ərzində İttifaq Azərbaycanla əməkdaşlıq üçün 76 milyard avro vəsait ayırıb. Bu vəsaitin əksər hissəsi təhsilin, sahibkarlığın, hüquq sisteminin və s. inkişaf etdirilməsinə sərf olunub.

“Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurla əməkdaşlıq aparırıq və 28 ölkədən 9-u ilə bizim strateji tərəfdaşlıq haqqında sənədlər ya imzalanıb, ya da qəbul edilib”,-deyə Prezident bildirib.

İqtisadi əlaqələrlə siyasi münasibətlərin möhkəmlənməsi paralellik təşkil edir.

Bu ilin iyul ayında Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfər edib, ölkə rəhbərliyi ilə danışıqlar aparıb.

Avropa İttifaqı Azərbaycanın mürəkkəb geosiyasi regiondakı strateji önəmini anlayır. Azərbaycanın coğrafi mövqeyinə görə, həm Şərqə, həm də Qərbə baxması Avropa İttifaqını Azərbaycana yaxınlaşdırmağa təşviq edən amillərdən biridir.

Münasibətlərin intensivləşməsi isə iqtisadi-siyasi əlaqələrin fəlsəfəsini yeniləməyi və mahiyyətinə keyfiyyətcə yeni məzmun yükləməyi zəruri edir.

Çoxşaxəli əlaqələr, bunun siyasi, iqtisadi, ticari münasibətlərdə öz əksini tapması – bunlar Azərbaycanla Avropa İttifaqının gündəliyində dayanan mühüm çağırışlardır.

Bu çağırışları reallaşdırmaq üçün isə 2018-ci ildə Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanıb.

Prezident İlham Əliyev deyib ki, bu sənəddə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına Avropa İttifaqı tərəfindən dəstək ifadə edilib.

Amma sənəddə razılaşdırılmamış məqamlar da qalır. İlham Əliyev sənədin bəzi detalları ilə bağlı danışarkən Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmaması və bunun Avropa İttifaqında yaratdığı reaksiyaya diqqət çəkib:

“Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb.

Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq.

Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq. Onu da bildirməliyəm ki, hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır.

Demək olar ki, bəzi ölkələr arasında - təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır. Ona görə imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər”.

Bundan başqa sazişə belə bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Dövlət başçısı buna izah verərkən qeyd edib ki, hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır.

“İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Ya da ki, biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çatdırmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır və bizim mövqeyimiz birmənalıdır”,- deyə Prezident əlavə edib.

Prezidentin diqqət çəkdiyi bu iki məqam Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanmasını ertələyir.

Prezident bəyan edir ki, bu saziş maraqlarımıza uyğun olmalı, əlaqələrimizi yeni mərhələyə çıxarmalıdır. Əks təqdirdə isə bu saziş imzalanmayacaq.

İlham Əliyevin mesajları Azərbaycan dövlətinin ultimativ bəyanatı deyil, sadəcə olaraq Avropa İttifaqı ilə münasibətlərdə qaranlıq qalan məqamların “gün işığına” çıxarılması üçün məramdır.

Aqşin Kərimov