“Test&Training” Mərkəzində “Porsche Günü” keçirilib - FOTO/VİDEO

10:36 10-07-2019 24

30 iyun tarixində “Test&Training” Mərkəzində “Porsche Günü” keçirilib.

“Porsche Azərbaycan” tərəfindən təşkil edilən tədbir zamanı “Porsche” sahibləri avtomobillərini müxtəlif şəraitlərdə sınaqdan keçirə, öz bacarıqlarını nümayiş etdirə biliblər.

Tədbirlə bağlı “Porsche Azərbaycan”ın marketinq mütəxəssisi Amal Əlili daha ətraflı məlumat verib:

“Porsche Günü” kimi tədbirlər “Porsche” brendinin strategiyasına uyğun olaraq dünya üzrə müxtəlif ölkələrdə təşkil olunur. Əsas məqsəd “Porsche” sahiblərinin qeyri-formal şəraitdə görüşüb ünsiyyət qurması, yeni modellərlə tanış olması, özlərini və avtomobillərini sınaqdan keçirməsi və sadəcə gününü şən və əyləncəli keçirməsidir. Dəvət olunanların bir çoxu bu tədbirə dostları və ya ailə üzvləri ilə qatılır.

Bu il biz də öz ənənəvi “Porsche” sahiblərinin görüşünü bu formatda keçirmək qərarına gəldik. “Test&Training” Mərkəzi bir günlük “Porsche” mərkəzinə çevrildi. Qonaqlar burada sərgilənən avtomobillərlə tanış ola, onları sürüb test edə bilərdilər. İstirahət ərazisində quraşdırılmış 360 dərəcəli görüntüyə malik avtomobil simulyator oyunları həm böyükləri, həm də uşaqları cəlb edirdi.

Əsas diqqət isə, əlbəttə ki, trekə yönəlib. Burada “Porsche” sürücülərini sürət hissi, sürüşkən dairədə hərəkət, dost köməyi, dinamik plitə və paralel parklama adlandırılan 5 mərhələdən ibarət sınaqlar gözləyirdi. İlk baxışdan sadə görünən müsabiqə şərtləri iştirakçılardan bacarıq və dəqiqlik tələb edirdi. Müsabiqələr başa çatdıqdan sonra isə “Porsche” sahibləri öz məharətlərini xüsusi tərtib edilmiş trasda nümayiş etdilər.

Məqsəd - trası mümkün qədər tez keçmək idi. “Porsche Günü” mükafatlandırma mərasimi ilə sona yetdi. Demək olar ki, hədiyyəsiz qalan olmadı. Bu tədbirin hər il keçirilməsini nəzərdə tuturuq”.