EYOF-2019: Olimpiya çempionumuz finalda

15:00 25-07-2019 1200

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında cüdoçularımız bu gün üç medal qazana bilər.

HerGun.Az xəbər verir ki, bu gün üç idmançı ilə yarışa qatılan cüdoçularımız medal şanslarını saxlayıblar.

Belə ki, Aytac Qardaşxanlı (-57 kq) yarımfinala kimi irəliləsə də, rusiyalı Kseniya Qalitskayaya uduzub. İdmançımız bu üzdən bürünc medal uğrunda rumıniyalı Florentina İvanesku ilə qarşılaşacaq.

Mətin Rzazadə (-66 kq) da bürünc medal uğrunda görüşəcək. Təsəlliverici yarışda Kosovo və Çexiyadan olan rəqiblərini məğlub etmiş Mətin bürünc medal üçün macarıstanlı Daniel Seqedi ilə görüşəcək.

Bayraqdarımız Vüqar Talıbov (-73 kq) isə ümidləri doğruldub. Yeniyetmələrin Olimpiya çempionu olan Vüqar bütün rəqiblərinə qalib gələrək finala çıxıb.

Qeyd edək ki, dünən Azərbaycan millisi cüdoda bir qızıl və iki bürünc medal qazanıb.

Səbuhi Musayev