Düşmən hidrotexniki qurğuları tamamilə sıradan çıxarıb

18:00 14-11-2020 435

Düşmən torpaqlarımızda olan hidrotexniki qurğuları tamamilə sıradan çıxarıb, talan edib. 

Bunu işğaldan azad olunan ərazilərimizdə suvarma sistemlərinin bərpasına həsr edilmiş görüşdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavi Rafiq Aslanov deyib.

Onun sözlərinə görə, bu baxımdan komissiya üzvlərinin qarşısında çox məsuliyyətli vəzifə durur və tezliklə hidrotexniki qurğuların inventarlaşdırılması həyata keçirilməli, təkliflər hazırlanmalıdır.

Qeyd edilib ki, bu işlərə “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları da cəlb olunublar. Meliratorlar artıq həmin ərazilərdə suvarmanın təşkili ilə bağlı işlərə başlayıblar və bu iş maksimum qısa müddətdə başa çatdırılmalıdır.

Sədr müavini işğaldan azad olunan ərazilərimizdə irriqasiya və meliorasiya sistemlərinə dəymiş zərərin dəqiqləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb. Diqqətə çatdırıb ki, azad edilən ərazilərdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün yaradılan komissiya tərəfindən aparılacaq araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək.

Qələbədən sonra həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpasına təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək.