Mixael Şumaxerdən xəbər var: səhhəti yaxşılaşır

22:09 31-07-2019 712

Uzun fasilədən sonra məşhur "Formula-1" pilotu Mixael Şumaxerin sağlamlıq durumu barədə məlumat verilib.  
HerGun.Az-ın "Hello Magazin"ə istinadən verdiyi xəbərə görə,  "Ferrari"nin keçmiş idman direktoru, pilotun sabiq meceri Jan Todt bu barədə danışıb. O, bir neçə gün öncə hazırda İsveçrədə müalicə alan Şumaxerə baş çəkib.

"Monte-Carlo" radiosuna açıqlamasında Jan Todt  bildirib: "Hər dəfə müsahibə verəndə ifadələrimdə diqqətli olmağa çalışıram, amma bu həqiqətdir ki, yarışları onunla birgə, Şumxaerin İsveçrədəki evində izlədik. Etibarlı əllərdədir, ailəsi ona yaxşı qulluq edir. Şumaxer qətiyyən təslim olmur və sağlamlığına qovuşmaq üçün cəhd göstərir. Ailəsi də tam gücü ilə mübarizə aparır. Maykl əvvəlki kimi ünsiyyət qura üçün biz əvvəlki kimi dostluq edə bilmirik. Amma Şumaxer mübarizəni davam etdirir. Ailəsi də ona bu yöndə dəstəyini əsirgəmir".

Qeyd edək ki, 29 dekabr 2013-cü ildə Şumaxer oğlu və dostları ilə birgə Fransanın Alp dağlarında yerləşən Meribel kurort bölgəsində xizək sürməyə gediblər. Mixael yoldan kənara çıxıb, nəhənq daşa ilişib, büdrəyən pilot müvazinətini saxlaya bilməyib, başı qayaya dəyib. Hətta başındakı dəbilqə də onu qoruya bilməyib. Zərbənin gücündən dəbilqə parça-parça olub. 

İdmançı əvvəlcə özündə olsa da, sonradan həkimlər Şumaxeri ağciyərin süni ventilyasiya aparatına qoşmaq məcburiyyətində qalıblar. Keçirdiyi  iki ağır neyrocərrahi əməliyyatdan sonra Mixael süni komaya salıblar. Növbəti ilin yayında  məşhur pilotu bu vəziyyətdən çıxararaq, reabilitasiya üçün onu başqa bir xəstəxanaya köçürüblər. Oradan Mixael müalicəsini davam etdirmək üçün evinə yollayıb. M.Şumaxer hazırda evində ailəsinin nəzarətindədir. Bütün dünyanı üzən məşhur hadisədən isə artıq 5 il yarım zaman keçib.

Rəşad Əliyev