Zamir İsayev: “Minaların nizamsız şəkildə basdırılması insanlıq əleyhinə cinayətdir”

19:00 17-03-2021 599

Republic-Underground” portalında Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyət, xüsusilə də, minalanmış sahələrin yaratdığı təhlükələrlə bağlı məqalə dərc olunub.

Reyçel Bruksun müəllifi olduğu yazıda Bakı yəhudi məktəbinin direktoru, Gürcüstanın yəhudi icmasının sədri, ravin Zamir İsayevin fikirlərinə yer verilib.

Ravin bildirib ki, müharibən sonrakı Qarabağda qanlı “mina qətliamı” baş verir. Təkcə dünən Ağdamda piyadalar əleyhinə minanın partlaması nəticəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

“Hadisə işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində baş verib. Erməni tərəfi mina sahələrinin xəritələrini vermir”, - deyə ravin özünün “Twitter” səhifəsində yazıb.

İnsidenti “Republic-Underground” portalı üçün daha ətraflı şəhr edən Z.İsayev bildirib ki, erməni minaları onlarla azərbaycanlının ölümünə səbəb olub.

“Müharibənin bitməsinə baxmayaraq, ermənilərin işğal etdikləri ərazilərdə basdırdıqları milyonlarla minalar səbəbindən Azərbaycanın onlarla günahsız vətəndaşı öz həyatını itirib. Bu gün Ağdamda baş verən hadisə də məhz dediklərimi sübut edir.

Mən işğaldan azad olunmuş torpaqlarda olmuşam və kilometrlərlə uzanan minalanmış əraziləri öz gözlərimlə görmüşəm. Belə minaları basdıran hər bir normal orduda, bir qayda olaraq, onların xəritəsi də olur. Azərbaycana məhz həmin xəritələr lazımdır. Lakin Ermənistan onları verməkdən imtina edir.

Bəlkə də, heç Ermənistan ordusunda mina xəritələri yoxdur. Əgər belədirsə, o zaman minaların nizamsız şəkildə basdırılması insanlıq əleyhinə cinayətdir. Hətta II Dünya müharibəsi zamanı faşistlərin də belə xəritələri var idi. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət Ermənistandan mina sahələrinin xəritələrini Azərbaycana təhvil verməyi tələb etməli və həmin minaların partlaması nəticəsində həlak olan Azərbaycan vətəndaşlarına görə qarşı tərəfi məsuliyyətə cəlb etməlidir”, - deyə icma sədri bildirib.

Yazıda qeyd olunur ki, HALO və ANAMA kimi təşkilatların səylərinə baxmayaraq, minalanmış sahələr hələ də, işğaldan azad edilmiş ərazilərə qayıtmaq istəyən yerli sakinlər üçün böyük təhlükə mənbəyidir. Qurbanların sayı artdıqca, Azərbaycan dünya ictimaiyyətini məsələyə daha həssas yanaşmağa çağırır. Çünki Qarabağ hələ də insanlığa qarşı törədilmiş cinayətlərdən əziyyət çəkir.