Erməni əsilli baş həkim özünə 800%-lik mükafat təyin etdi

04:00 18-03-2021 464

​​Moskva vilayəti təcili yardım xidmətinin baş həkimi, erməni əsilli Serqey Papiyans özünə 800%-lik mükafat təyin edib.  

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata əsasən, ölkə prokurorluğunun işə qarışmasını görən baş həkim öz qərarlarını ləğv edib və pulları geri qaytarıb.

Qeyd olunur ki, S.Papiyans ötən ilin yanvar ayında vəzifəyə təyin edilib. Lakin artıq fevralın 19-da Moskva vilayəti təcili yardım xidmətinin rəhbəri özü və dörd müavininin mükafatlandırılması haqqında qərar qəbul edib.

Baş həkim öz qərarını “işin intensivliyi və gərginliyi” ilə izah edib. “Mükafatlandırma əməliyyatları” sonrakı aylar ərzində də davam edib. Məsələn, təkcə oktyabr və noyabr aylarında Sergey Spatakoviç özünə hər ay üçün 825%-lik mükafat yazıb. Digər aylarda isə  stimullaşdırıcı ödənişlərin həcmi 250% civarında olub. Müavinlərini də unutmayan baş həkim onlar üçün də 110-350% arasında mükafatlar təyin edib. Bu azmış kimi, digər əməkdaşların mükafatları ya azaldılıb, ya da ümumiyyətlə ləğv edilib.

Məhz bu davranışları nəticəsində S.Papiyans əməkdaşlarının qəzəbinə tuş gələrək, hüquq-mühafizə orqanlarının nəzər dairəsinə düşüb. Təcili yardım xidmətinin işçiləri öz rəhbərlərindən prokurorluğa şikayət ediblər. Prokurorluq isə öz növbəsində, Sergey Spartakoviçdən mükafatlandırma ilə bağlı bütün sənədləri, o cümlədən tabel cədvəllərini tələb edib.

Qorxuya düşən baş həkim öz əvvəlki qərarlarını ləğv etmək barədə yeni qərar qəbul edib. O, eləcə də müavinləri bütün pulları geri qaytarıblar.

Lakin məsələ burasındadır ki, hüquqi cəhətdən əvvəlki qərarları ləğv etmək mümkün deyil.