“BBC Ukraina” Ağdam rayonu və məcburi köçkünləri barədə reportaj hazırlayıb - VİDEO

00:00 19-03-2021 558

“BBC Ukraina” Ağdam rayonu və bu torpaqlardan 30 ilə yaxın ayrı düşmüş insanlar barədə videoreportaj hazırlayıb.

Materialda öz doğma yurdlarına qayıtmaq həsrətilə yaşayan məcburi köçkünlərin hisləri Natiq Allahyarovun timsalında tamaşaçılara təqdim olunur.  

“Mənə heç nə lazım deyil. Nə ev, nə şərait. Yalnız şəhidlərimizin qəbrini görmək, o torpağı diz üstə sürünərək öpmək istəyirəm”, - deyə o, bildirir.

Reportajda bir vaxtlar Ağdamın regional mərkəzlərdən biri olduğu, lakin erməni işğalı dövründə şəhərin xarabalığa çevrildiyi qeyd olunur. 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuş şəhərin, bu yaxınlarda Qarabağda aparılan hərbi əməliyyatlar nəticəsində azad edildiyi diqqətə çatdırılır.

“Mən bu kənddə - Ağdam rayonunun Şıxbabalı kəndində doğulmuşam. 28 ildir ki, öz evimdən çıxmışam. İndi bura qayıdarkən yaşadığım hisləri sözlə təsvir edə bilmirəm”, - deyən Natiq göz yaşlarını saxlaya bilmir və əyilərək doğma torpağını öpür.

Daha sonra birinci Qarabağ müharibəsi veteranı olan qəhrəmanımız öz döyüş yoldaşlarından danışır, onların bir çoxunun şəhidlik zirvəsinə ucaldığını bildirir.   

Sonda isə o, təhlükəsizlik səbəbindən hələ ki, mülki şəxslərin əraziyə buraxılmadığını, lakin müharibə veteranı olmasını nəzərə alaraq, onun istisna hal kimi doğma Ağdama ziyarət etməsinə şərait yaratdığı üçün müvafiq qurumlara təşəkkür edir.