Rəsmi İrəvanın revanş niyyətləri Ermənistan dövlətçiliyinin sonu deməkdir!.

16:29 15-04-2021 56

Bütün dünya ictimaiyyətinə məlumdur ki, Ermənistan heç zaman Dağlıq Qarabağ münaqişənin həllini istəməyib. Tarixi ərazilərimizi azad etdikdən sonra gördüklərimiz göstərir ki, onlar münaqişənin həllinin edilməməsi üçün əllərindən gələn hər şey ediblər. Sözsüz ki, bu cinayətkarlar nəhəng istehkamları, müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər. Vətən Müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu. Döyüş getməyən şəhər və rayonlara ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir, çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması heç də, təsadüfi deyildi. Gecə vaxtı, insanların yatdığı bir zamanda məqsədyönlü şəkildə hədəflənmiş hücum idi. Bu, hal bir dəfə olmadı, bir neçə dəfə baş verdi və ağır tələfatlarla nəticələndi. Əlbəttə ki, mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətindən xəbər verir. Ermənilər günahsız mülki insanları yandırırdılar, öldürürdülər. Bir çox kəndlər erməni barbarlığının qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər rayonu balaca rayondur, bu əraziyə 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atıblar. Onlar, hətta Bərdə və Beyləqan rayonlarını da bombalayıblar. Qəddar düşmən Naftalan şəhərinə bomba ataraq beş nəfərlik ailəni də qətlə yetiriblər. Bu, bir danılmaz faktdır ki, rəsmi İrəvan hərbi cinayətkardır. Ermənistan Birinci Qarabağ müharibəsində də müharibə cinayətləri törədib, lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər.

Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları isə, hələ də suallar doğurur. Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq. Qısa zaman kəsiyində rəsmi İrəvanın işğalçı siyasətinə son qoyulacaq. Bu gün Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb.

Münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır. Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik. Gənc nəsil tarixi həqiqətləri olduğu kimi bilməlidir. Azərbaycan tarixini silmək istəyənlər belə öyrədirdilər ki, guya Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir, orada Sevan yoxdur, orada Göyçə var. Tarixi  həqiqətlərin təhrif olunması yolverilməzdir.

Əldə etdiyimiz möhtəşəm Qələbə ölkənin və bütün regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Azərbaycan xalqının Qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün artmasının, eləcə də beynəlxalq mövqeyinin yüksəlməsinin məntiqi nəticəsidir. Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub. Rəsmi İrəvan elə bilirdi ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar, lakin bugünkü Azərbaycan fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir.

Beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulması bir reallıqdır. İtaliya bizim ölkəmiz üçün çox yaxın tərəfdaşdır. Biz strateji tərəfdaşlıq haqqında ikinci sənədi imzaladıq. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Biz möhkəm əməkdaşlığı davam etdiririk və bu əməkdaşlıq münaqişə zamanı və münaqişədən sonra sınaqdan çıxıb. Yenidənqurma planlarımızın ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik. Bildiyiniz kimi, sabitlik inkişafın əsasıdır. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Bizim əsas narahatlığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu, sabitliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır.

Bu gün regionun inkişafı strateji prioritetdir. Qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir. Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrinin inkişafına xüsusi diqqət yetirilməlidir. Xəzəryanı qonşularla əlaqələrimiz çox uğurla inkişaf edir və onların hər biri ilə bizim xüsusi əməkdaşlıq yolumuz var. Bunun ən böyük hissəsi nəqliyyata aiddir. Çünki Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib. Bizim okeana birbaşa çıxışımız olmasa da, biz Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub.

 Digər bir tərəfdən beynəlxalq təşkilatlar daha fəal mövqe tutmalıdır. ATƏT-in Minsk qrupu regionda dinc həyatın nizamlanması üzrə öz təkliflərini hazırlayır. Elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər. Beynəlxalq aktorlar üçün çoxlu fəaliyyət sahələri yarana bilər: demarkasiya, delimitasiya, qarşılıqlı fəaliyyət. Qüdrətli Azərbaycan istənilən vəzifənin öhdəsindən gələ bilər, lakin bu, o demək deyil ki, bizim ərazi iddialarımız var. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Azərbaycanın mövqeyi açıq və aydındır. Əməkdaşlıq körpülərinin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir.  Azərbaycanlılar və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən hər hansı mesaj almamışıq. Hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil. Ermənistan müxalifəti panikadadır. Azərbaycanafobiya, Türkofobiya əvvəllər də olduğu kimi ən böyük məsələdir.

            Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar işlərə artıq başlanılıb. Zəngilanın coğrafi mövqeyini nəzərə alsaq, mühüm daşınma və logistik mərkəz rolunu oynaya bilər. Qeyri-enerji sektoruna daha çox investorları cəlb etmək və biznes imkanları var.

Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququn tərəfdarı olub. Azərbaycan burada yaşayan bütün millətlərin, etnik qrupların doğma Vətənidir və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi. Azərbaycan çoxmillətli ölkədir. Vətən müharibəsi zamanı bütün millətlərdən, etnik qruplardan olan insanlar Vətənləri uğrunda döyüşürdülər.- Azərbaycan hər zaman danışıqların simulyasiyasına etiraz edib. Ölkəmiz həmişə konstruktiv mövqedə olub. Münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq, çünki biz münaqişədən əziyyət çəkən tərəfik. Azərbaycan “İsgəndər-M” raketi ilə bağlı açıqlama tələb edir. Rusiya ilə “İsgəndər-M” raketi ilə bağlı məsələlərin müzakirəsi olub. Rəsmi İrəvan gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyir. Biz rəsmi cavab gözləyirik. Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə davranıb, mülki şəxslərə zərər yetirməyib. Ermənistan tərəfində mülki əhali arasında tələfatın 40 nəfərdən az olması bunun əyani sübutudur.

            Azərbaycan 30 illik həsrətdən sonra nəhayət işğala son qoydu və Ermənistanı həm hərbi arenada, həm də siyasi arenada məğlub etdi. Təəssüf ki, münaqişənin hərbi yolla həll edilməsi qaçılmaz idi. Çünki ermənilər torpaqlarımızı sülhlə vermək istəmir, danışıqları imitasiya məqsədilə aparır və sadəcə torpaqlarımızda möhkəmlənmək üçün vaxt qazanmağa çalışırdı.
Ermənistan tərəfi xüsusilə son 2 il ərzində təxribatçı addımları, bəyanatları və hərəkətləri ilə müharibədən başqa çıxış yolu olmadığını sübut etdi. Onu da qeyd edim ki, son illərdə beynəlxalq hüquq və prinsiplərin kobudcasına pozulması Qarabağ münaqişəsinin həllinin diplomatik yollarla olmasına inamı get-gedə azaltdı. Hər kəs müşahidə edirdi ki, bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatır, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri sadəcə kağız üzərində qalaraq, heç bir məcbur edici funksiya daşımırdı. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində idi. Azərbaycan Ordusu cəbhədə, səngərdə qələbə qazanmalı idi ki, tarixi ədalət bərpa olunsun, BMT Təhlükəsizlik Şurasının qətnamələti yerinə yetirilsin və məcburi köçkünlər illərdir ki, həsrətini çəkdikləri öz yurd-yuvalarına qayıtsınlar. Və ordumuz bunu, cəmi 44 günə etdi. Nəticədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi.
Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli, tarixi, əbədi Azərbaycan torpağıdır.

Gənclər cəmiyyətimizin aparıcı qüvvələridir. Bu gün bütün dünyanın gözü qarşısında cənab Ali Baş Komandan İlham Əliyevin lider olaraq xalqa güvənməsi və xalqın da dəstəyi bizlərə tarixi qələbəni yaşatdı. Təbii ki, haqlı mübarizəmizdə qalib olmağımız artıq, biz gənclərin qarşısında dövlətin, dövlətçiliyin inkişafı üçün yeni məqsədlər və məsuliyyətlər qoyur. Qürurunu yaşadığımız tarixi qələbənin memarları qarşısında daşıdığımız bu məqsəd və məsuliyyətlər bizi ruhlandırır!...

 

Yaşasın Müstəqil Azərbaycan Respublikası!

Var olsun Azərbaycan xalqı!

Allah, cənab Ali Baş Komandanı qorusun!

Qarabağ Azərbaycandır! Diqqətinizə görə minnətdaram!

 

                                                                                                                              Hörmətlə, 

Nuralı Müşfiq   oğlu Əlizadə.                                                                           Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti                                  Gənclər təşkilatının sədri.

   BAKI ŞƏHƏRİ XƏZƏR RAYON SAKİNİ.