Şamaxıda yaradılan “YAŞA” mərkəzinin fəaliyyəti davam edir – FOTO

18:20 06-05-2021 39

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Üçüncü Bahar” layihəsi çərçivəsində Şamaxı şəhərində yaradılan “YAŞA” mərkəzinin fəaliyyəti davam edir.

Mərkəzdə aprel ayı ərzində mütəmadi olaraq şahmat, kino saatı, vitraj və rəsm dərnəkləri, poeziya saatı, maliyyə savadlılığı və mobil telefondan istifadə üzrə təlimlər keçirilib.

Həmçinin nəsillərarası dialoqun inkişaf etdirilməsi məqsədilə yaşlı nəslin nümayəndələri öz nəvələri ilə mərkəzə dəvət olunaraq müxtəlif növdə əl işlərinin hazırlanması fəaliyyətlərində birgə iştirak ediblər.

Mərkəzdə keçirilən tədbirlər zamanı ümumilikdə 30 nəfər yaşlı nümayəndə xidmətlərdən faydalanıb.

Xatırladaq ki, “YAŞA” mərkəzində maarifləndirmə, sağlamlıq, yaradıcılıq istiqamətində təlim və tədbirlər həyata keçirilir.

Ətraflı məlumat almaq üçün 020 265 05 07 və ya 055 516 50 02 nömrələrinə müraciət etmək olar.