Sergey Strokan: “KTMT-nin Ermənistanın müraciətinə reaksiyasını çox yaxşı bilirsiniz”

14:00 24-05-2021 513

Sosial şəbəkələr, “Telegram” kanalları və KİV Rusiya xarici işlər naziri Sergey Lavrovun bir neçə il əvvəl verdiyi açıqlamasını yenidən gündəmə gətirdi. O zaman Rusiya Federasiyasının türkdilli ölkələrlə daha sıx əməkdaşlıq etmək istəyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) qoşulmağı nəzərdən keçirmək imkanları barədə məsələ var idi.

Ermənistanda eyni zamanda, Qazaxıstanın Azərbaycan tərəfini bu yaxınlarda AİB (Avrasiya İqtisadi Birliyi) ölkələrinin hökumətlərarası Şurasının iclasında iştirak etməyə dəvət etdiyini də xatırladıblar (yenə də Ermənistanda göstərməyi çox sevdikləri türk faktoru). Əlbətdə ki, İrəvan buna qarşı çıxıb və fikir birliyi olmadığı üçün Azərbaycan nümayəndə heyəti tədbirin keçirildiyi Kazana getməyib.

Məşhur rusiyalı siyasi şərhçi Sergey Strokan Caliber.Az-a verdiyi müsahibəsində deyib ki, ölkələrimiz (Rusiya və Azərbaycan-red.) həm Şərqə, həm də Qərbə yönəlmiş çoxvektorlu siyasət yürüdür:

“Söhbət Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından gedirsə, onda bu artıq özünü tanıtmış qurumdur, Rusiya isə bayraqlarını hara mümkündürsə yerləşdirməyə çalışır. Rusiyanın Türk Şurasında iştirakı üçün heç bir əks göstəriş görmürəm. Rusiyada türkdilli əhali yaşayır, strateji tərəfdaşlarımız, Qazaxıstan özü, Türk Şurasındadır. Bəs Rusiya niyə xüsusən çoxtərəfli əməkdaşlıq ideyalarının həyata keçirilməsinə, ortaq mədəni köklərin möhkəmlənməsinə və inteqrasiya proseslərinin inkişafına töhfə verəcəyi qurumda olmasın?”.

“Biz yaxşı bilirik ki, erməni cəmiyyəti, sosial şəbəkələr həddən artıq həyəcanlı, qıcıqlıdır. Buna reaksiya verməyə dəyməz, bununla uzağa gedə bilməyəcəyik. İndi maraqlı bir vaxt gəlib, ənənəvi birliklər, ittifaqlar, keçmişə çevrilir. Yəni, tez-tez bir tərəfdaşın kağız üzərində olan müttəfiqdən daha əhəmiyyətli ola biləcəyi vəziyyətlərlə qarşılaşırıq. Ölkələrin həqiqətən bir-biri üçün nə demək olduğunu araşdırmalıyıq”, - deyə Sergey Strokan bildirib.

Həmsöhbətimiz KTMT-nin bu yaxınlarda Ermənistanın bu quruma müraciətinə reaksiya verdiyini nümunə gətirib:

“Ermənistanın baş naziri vəzifəsin icra edən Nikol Paşinyan kollektiv təhlükəsizlik müqaviləsinin ikinci maddəsi üçün müraciət etdi, amma bunun reaksiyasının nə olduğunu çox yaxşı bilirsiniz. KTMT açıq şəkildə bildirdi ki, heç bir hərbi-siyasi qərardan söhbət gedə bilməz, yalnız siyasi-diplomatik yol var”.