Azərbaycanın Moldovadakı səfirliyində Respublika Günü münasibətilə bayram tədbirləri keçirilib – FOTO

23:20 28-05-2021 436

28 May - Respublika Günü münasibətilə Azərbaycanın Moldovadakı səfirliyi bir sıra bayram tədbirləri təşkil edib.

Səfirlikdən verilən məlumata görə, tədbirlərə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin katibi Dmitri Sokolan, Türkiyənin Moldovadakı səfiri Gürol Sökmənsüər, Belarusun Moldovakı səfiri Anatoli Kalinin, Moldova parlamentinin deputatları, həmçinin ölkənin görkəmli elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun fəalları, eləcə də media nümayəndələri qatılıblar.

Azərbaycan Respublikasının Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov qonaqları salamlayıb. O bildirib ki, builki bayram xalqımız üçün xüsusilə əlamətdardır. Belə ki, ilk dəfə olaraq Respublika Günü işğaldan azad edilmiş Şuşa və Qarabağla birlikdə qeyd edilir. 

Tədbirdə çıxış edən qonaqlar da xalqımızı Respublika Günü münasibətilə təbrik edib, ölkəmizə sülh və firavanlıq arzulayıblar.

Çıxışlardan sonra qonaqlar ümummilli lider Heydər Əliyevin səfirlik parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Bayram tədbirləri çərçivəsində Heydər Əliyevin hər bir azərbaycanlı üçün vətənpərvərlik rəmzinə çevrilmiş “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözlərinin üç dildə həkk olunduğu xatirə lövhəsinin açılışı olub.  

Bundan əlavə, səfirliyin ərazisində Azərbaycanın müstəqilliyi və dövlət bütövlüyü uğrunda şəhid olanların xatirəsinə “Şəhidlər bulağı” istifadəyə verilib.