Azərbaycana xaricdən gətirilən maşınların sayında KƏSKİN ARTIM

11:40 16-06-2021 62

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycana xaricdən 31 220 ədəd avtomobil idxal edilib.

HerGun.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal edilən avtomobillərin ümumi dəyəri 318 milyon 139,8 min dollar həcmində olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 11 542 ədəd və ya 58,6 faizə qədər artıb.

Müvafiq dövr ərzində ölkəmiz xaricdən 51 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. Bu avtomobillərin idxal dəyəri 4 milyon 625,2 min dollara yaxın olub. İdxal həcmi ötən ilə nisbətən 20 ədəd və ya 28,2 faiz azalıb.

İdxal edilən avtomobillərin əksəriyyəti minik avtomobilləridir. Bu dövrdə 28 840 ədəd maşın idxal edilib və onların ümumi dəyəri 274 milyon 300,8 min dollar təşkil edib. İdxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10 415 ədəd və ya 56,5 faiz çox olub.

Yanvar-may aylarında yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin idxal həcmi 1 172 ədəd və ya 2 dəfə artıb. Müvafiq dövr ərzində 2 286 ədəd bu tipdə avtomobil idxal olunub və onların ümumi dəyəri 33 milyon 374,7 min dolları təşkil edib.

Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin idxalı azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 ədəd və ya 36,8 faiz az olmaqla 43 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb və onların ümumi idxal dəyəri 5 milyon 839,1 min dollar olub.

Nigar Məmmədova