Tarix yazan Şuşa və dünyaya ünvanlanan mesajlar

13:04 16-06-2021 465

Quliyeva Ağabacı Şahin qızı

Salyan rayon N.İbrahimov adına Şorsulu
kənd ümumi orta məktəbin müəlliməsi

Nəhayət ki, çoxdan gözlədiyimiz tarixi an reallaşdı. Qardaş ölkə olan Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın mədəniyyət beşiyi olan Şuşaya gəldi.

Bu zəfər dünyaya onun mesajıdır ki, Azərbaycan 44 günlük müharibədə əldə etdiyi tarixi Zəfərin sevincini qardaş ölkə olan Türkiyə ilə birgə yaşayır.

Bütün dünya türk dünyasının birliyini, Türkiyə-Azərbaycan dostluğunun yeni strateji istiqamətlər üzrə inkişafına xidmət edəcək Şuşa Bəyannaməsi diqqətlə izləyir. Birgə bəyannamədə, Azərbaycan və Türkiyənin tarixi şəxsləri olan ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün tarixi sözləri öz əksini tapıb.

Belə bir sənədə məhz Şuşada imza atılması İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda dünyaya bir çox mesajları çatdırır. Bu, qardaşlığa yönəlik addımın nümunəsidir və artıq ənənəyə çevrilib. Heydər Əliyevin, "Türkiyə və Azərbaycan bir millət iki dövlətdir", Atatürkün isə “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir” kəlamlarının Şuşada səsləndirilməsi tarixi bir hadisədir.

Bildirmək istəyirəm ki, qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu sirr deyil ki, Azərbaycanın haqq işi olan ikinci Qarabağ müharibəsində, ilk dəstək Türkiyədən gəldi. Təkcə türk rəsmilər deyil, Türkiyə xalqı da ölkəmizi dəstəkləmək üçün səfərbər oldular.

İki qardaş ölkənin müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər və Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər. Bu isə Azərbaycan Ordusunun daha da güclənməsinə gətirib çıxaracaq.

Müzəffər Ali Baş Komandanın ötən dövr ərzində Azərbaycan müasir dövrün tələblərinə cavab verə biləcək bir ordunun qura bilməsi onun yürütdüyü siyasətin təcəssümüdür. Ali Baş Komandanın ən müasir texnalogiya ilə təchiz edərək yüksək səviyyədə inkişaf etdirdiyi Azərbaycan Ordusu Türkiyənin dəstəyi ilə gücünə güc qatacaq.

Ordumuz Türk ordusu modelində, güclü ordunun qurulması və müasir ordunun qurulması üçün Türkiyə ilə əməkdaşlıq edəcək. Bir sözlə hər iki ölkənin ordusu birlikdə regionun çox güclü ordusuna sahib olacaq.

Sonda isə qeyd etmək istəyirəm ki, 44 günlük Vətən müharibəsində ordusunun tamamı məhv olan Ermənistan Azərbaycanla müharibə etmək iqtidarında deyil. Ermənistan istəsə belə yüz illər boyu ordunu bərpa edə bilməyəcək. Çünki iqtisadiyyatı güclü olmayan dövlətin heç vaxt güclü ordusu ola bilməz.