Türkiyədə müalicə alan qazi: “İki qolum kəsilsə belə dava olarsa, yenə getməyə hazıram” - FOTO

10:20 27-06-2021 485

Qusarın Kuzun kəndindən olan qazi yenə döyüşə hazır vəziyyətdə olduğunu bildirib.

“Report”un Şimal bürosu Vətən müharibəsində qazi olaraq Türkiyədə müalicə alan gənclə həmsöhbət olub.

1999-cu ildə Qusar rayonunun Kuzun kəndində anadan olan Elşad Əlmurad oğlu Rəsulov həmin kənddə orta təhsil aldıqdan sonra, həqiqi hərbi xidmətə yollanıb.

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra, bir müddət Rusiya Federasiyasına işləmək üçün getsə də, yenidən Vətəndə yaşamağı üstün tutub.

Vətəndə tikinti işlərində çalışan E.Rəsulov, Vətən Müharibəsi ərəfəsində könüllü olaraq, hərbi təlimlərə qoşulub.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində döyüş yolu Füzulidən başlayıb.

Fizuli – Cəbrayıl – Hadrut – Xankəndi istiqamətində döyüşərək irəliləyərkən Xankəndi yaxınlığında 5-6 metrlikdə pusquda duran düşmən tərəfindən iki güllə yarası alır.

Bir müddət yoldaşları ilə yaralı vəziyyətdə mühasirədə qalmasına baxmayaraq, əks həmlə edən digər döyüş yoldaşları onları mühasirədən çıxarmağa müvəffəq olur.

Yaralı vəziyyətdə Bakıya çatdırılan Elşadın vəziyyəti ağır olduğundan həkimlər “YAŞAT” Fonduna müraciət edərək, müalicənin yalnız Türkiyə Respublikasında mümkün olduğunu bildirirlər. “YASAT” Fondu çevik reaksiya verərək, Elşadla birgə digər iki qazini də müalicə üçün Türkiyəyə göndərir.

Türkiyədə bir müddət müalicə aldıqdan sonra qazilərin müalicəsini Vətəndə davam etdirilir.

Hazırda, müalicə alan qazimiz vətənpərvər ruhda danışaraq, yenidən Vətənin səsinə səs verməyə hazır olduğunu bildirib. Sol tərəfindən dəyən güllə sağ tərəfdən çıxdığından hər qolunu hərəkətsiz qoyub. Edilən müalicələrdən sonra müsbət nəticələr əldə olunub.

Qeyd edək ki, qazi “Cəbrayılın azad olunması uğrunda” medalı ilə təltif edilib.