Yeni Zelandiyada nəhəng pinqvin qalıqları tapıldı

08:27 15-08-2019 43

Ötən həftə nəhəng tutuquşu qalıqları tapan Yeni Zelandiyadan olan paleontoloqlar yeni kəşfə imza atıblar.

“RİA Novosti” xəbər verir ki, hündürlüyü 1.6 metr olan nəhəng pinqvinin qalıqları Yeni Zelandiyanın Cənub adasındakı Vaypara şəhərində tapılıb.

Bunu Kenterberi muzeyinin tədqiqatçıları bildirib. Yeni kəşfə əsasən, 66 milyon il əvvəl Yeni Zelandiya ərazisində uzunluğu 160 sm, çəkisi 80 kq olan nəhəng pinqvinlər yaşayıb.

Bu qalıqlar müasir imperator pinqvinindən 40 sm böyükdür. Qeyd edək ki, imperator pinqvinlərinin hündürlüyü 120 sm olur.

Alimlərin fikrinə əsasən, “Crossvallia waiparensis” növünə məxsus nəhəng pinqvin 66-56 milyon il əvvəl yaşayıb.