“Neftçi” Finlandiyaya səfər vaxtında dəyişiklik etdi - SƏBƏB

17:00 09-08-2021 372

“Neftçi” klubu Helsinkiyə səfər vaxtında dəyişiklik edib.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, Bakı klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK (Finlandiya) komandası ilə cavab oyunu üçün əvvəl nəzərdə tutulduğundan bir gün gec gedəcək.

Belə ki, komanda Finlandiyanın paytaxtı Helsinkiyə avqustun 10-da yox, 11-i səhər saat 10:00-da yola düşəcək. Bəs dəyişikliyə səbəb nədir?

Bu səbəbi “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev saytımıza açıqlayıb:

“Əvvəl HİK klubunun ev oyunlarını keçirdiyi süni örtüklü “Bolt Arena”ya uyğunlaşmaq üçün daha tez səfərə çıxmağı planlaşdırmışdıq. Lakin HİK bizə Helsinkidən 40 kilometr aralıda yerləşən başqa süni örtüklü meydançada məşq etməyi təklif etdi. Biz də maraqlandıq ki, həmin süni örtüklü meydançanın durumu yaxşı deyil. Klub həkimləri futbolçuların həmin meydançada məşqindən sonra ayaq əzələlərində zədə almaq ehtimallarının yüksək olduğunu bildirdilər. Bu səbəbdən də qərara aldıq ki, Helsinkidə oyun gününə kimi bir məşqlə kifayətlənək”.

Qeyd edək ki, HİK – “Neftçi” görüşü avqustun 12-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandaların Bakıdakı ilk oyunu 2:2 hesabı ilə başa çatıb.

Səbuhi Musayev