“Neftçi”nin sabiq prezidentinin nəşi hələ də morqda saxlanılır

15:40 03-09-2021 576

“Babamın nəşini bizə vermirlər. “Semaşko”da morqda saxlanılır”.

Bunu HerGun.Az-a bu gün gecə saatlarında dünyasını dəyişmiş “Neftçi”nin sabiq prezidenti, güləş üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Aydın İbrahimovun nəvəsi Nərminə Məmmədova bildirib.

Onun sözlərinə görə, heç bir səbəb göstərilmədən babasının cəsədi onlara təhvil verilmir:

“Üç saatdır müzakirə aparılır. Amma nə müzakirə aparıldığını bilmirik. Üç saat müzakirə etmək olar?! Hələ anamın harada işlədiyini soruşurlar. Artıq saat 3-dür. Evdə insanlar oturub gözləyir.

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev də zəng vurmuşdu. Gənclər və İdman Nazirliyi ilə danışmışıq. Onlar müzakirə aparıldığını bildirib”.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev də saytımıza bu məsələnin həlli istiqamətində çalışıldığı bildirilib: 

“Şəxsən nazir müavini İsmayıl İsmayılov səhər tezdən bu məsələni nəzarətində saxlayır. O, lazımi qurumlarla danışıqlar apararaq bu məsələnin həlli istiqamətində çalışır. Nəsə olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”. 

Qeyd edək ki, Aydın İbrahimov 82 yaşında müalicə aldığı klinikada koronavirusdan dünyasını dəyişib.

Səbuhi Musayev