Şuşalı Aqşin Quliyev: “Ermənilər bizim evimizi dağıdıblar, ancaq bu şəhərdə olduğum üçün xoşbəxtəm” - FOTO

18:00 03-09-2021 528

Ötən gün Media.Az-ın müxbiri işğaldan azad olunmuş Şuşa şəhərində olub. Azərbaycanın mədəniyyət paytaxtında restavrasiya-bərpa işləri aparılır. Bir il əvvəl bəlkə də təsəvvürə belə gətirmək mümkün olmasa da, bu gün Şuşa küçələrində uşaqların gülüş səsləri eşidilir.

Media.Az hazırda Şuşada xidmət aparan polis əməkdaşı Aqşin Quliyevlə söhbət edib:

- Mən demək olar ki, erməni işğalından azad olunduğu gündən Şuşadayam. Burada xidmətdəyəm, polis əməkdaşıyam.

- Qucağınızda uşaq var...

- Bəli, burada ailəmləyəm, həyat yoldaşımı və iki uşağımı da gətirmişəm.

- Burada mülki vətəndaşların yaşaması üçün şərait var?

- Bəli, hər şey yaxşıdır. Siz artıq Şuşa şəhərində bərpa işlərinin hansı sürətlə aparıldığını görməyə imkan tapmısınız.

- Siz özünüz Şuşadansınız?

- Bəli, bütün ailəm Şuşadandır. Babamın evi Aşağı Gövhər Ağa məscidinin yaxınlığında yerləşirdi.

- Ev hələ salamat qalıb?

- Xeyr, təəssüf ki, ermənilər tərəfindən dağıdılıb. Ancaq buna baxmayaraq, burada olduğum üçün çox şadam.

- Siz demək olar ki, bərpa edilən şəhərin ilk sakinlərisiniz, bəs burada sizin kimi ailələrin sayı çoxdur?

- Bəli, bir neçə ailə də var. Əsasən bu ərazilərdə çalışanların ailələridir.