Cəmilə Cavadova-Spitzberq: “Əsas işimiz Azərbaycan musiqisini Amerikada təmsil etməkdir” - FOTO

12:40 12-09-2021 35

Cəmilə Cavadova-Spitzberq: “Əsas işimiz Azərbaycan və Amerika arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və inkişafıdır”

Bu sözləri “Kaspi” qəzetinə müsahibəsində orqanın gözəl ifaçısı Cəmilə Cavadova-Spitzberq deyib.
 
Musiqi alətlərinin arasında ən iri həcmlisi və ən qədimi sayılan, tarixi bir neçə minillik təşkil edən orqanın yaranması ilə bağlı müxtəlif fikirlər var. Mənə isə elə gəlir ki, orqan işıq, şeir, musiqi – incəsənət tanrısı Apollonun verdiyi ilhamla, nəfəslə yaranıb. Kişi gözəlliyinin timsalı olan Apollon sanki öz yaraşığından, ucalığından bu musiqi alətinə də bir parça verib. Amma söhbətim orqan aləti haqqında deyil. Müsahibimiz orqanın gözəl ifaçısı Cəmilə Cavadova-Spitzberqdir. Cəmilə xanım Azərbaycan Dövlət Konservatoriyasını nəzəriyyəçi və orqan ifaçısı kimi, Hollandiyanın Amsterdam şəhərindəki Sveelink adına Konservatoriyanı orqan ixtisası üzrə (magistratura) bitirib, Şimali Texas Universitetində ifaçılıq sənəti üzrə doktorluq pilləsinə qalxıb. Kral Musiqi Məktəbləri Assosiasiyasının orqan ifaçılığı lisenziyasını qazanıb.

Əslən azərbaycanlı və əsl azərbaycanlı

Əslən azərbaycanlı və əsl azərbaycanlı olan, uzun müddətdir, Amerikada yaşayıb-yaradan və ürəyində Azərbaycan sevgisi yaşadan müsahibimiz beynəlxalq səviyyəli musiqiçi və pedaqoqdur. Eyni zamanda Texas ştatının Arlington şəhərindəki Birinci Birləşmiş Metodist Kilsənin əsas orqan ifaçısı, Texas Universitetinin Dallas filialının professorudur. Bir çox ölkələrdə – ABŞ, Hollandiya, Almaniya, Fransa, Danimarka, İngiltərə, keçmiş SSRİ-də yüksək səviyyəli konsert proqramları ilə çıxış edib. 2017-ci ildə Nyu-Yorkun “Carnegie Hall”da konsert proqramının aparıcısı və iştirakçısı olub. Həmçinin, Vaşinqton Milli Katedralında 2017-2018-ci il konsert proqramında solo ifa edən yeganə xanım orqan ifaçısıdır.

Azərbaycan və Şimali Amerika arasında musiqi körpüsü yaratmaq, mədəni əlaqələri genişləndirmək məqsədi ilə o, 2017-ci ilin noyabrında Azərbaycan-Amerika Musiqi Fondunu (AAMF) təsis edib, onlarla irihəcmli və dəyərli layihə həyata keçirib. Hətta pandemiya şəraitində də bu fəaliyyətini dayandırmır.

“Musiqili körpü”

– Cəmilə xanım, AAMF-in təsisçisi və icraçı direktoru olaraq maraqlı və əhəmiyyətli işlər görürsünüz.

– Bəli, biz bir çox layihələrə imza atdıq. Bunlardan ən önəmlisi və əsas missiyamızı nümayiş etdirən “Musiqili körpü” layihəmizdir. Bu layihəyə Azərbaycandan Humay Qasımzadə, ABŞ-dan Uilyam Hayter kimi ifaçıları cəlb etdik. Layihə çərçivəsində möhtəşəm konsertlər baş tutdu. Biz bu layihənin üzərində böyük həvəs və sevgiylə işləmişdik. Nəticələr də ürəkaçan oldu. Bundan əlavə, keçən il cazmen Vaqif Mustafazadənin 80 illik yubileyi münasibətilə “Willis Conover & Vagif Mustafazade JAZZ HOUR” adlı albom buraxdıq. Albomun ərsəyə gəlməsində bizim fondla yanaşı Şimali Texas Universiteti və Vaqif Mustafazadə Fondu da yaxından iştirak etdi. Villis Konover Vaşinqtonda “Amerikanın səsi” radiosunda dünyanın müxtəlif ölkələrindən musiqiçiləri tanıdıb, əsərlərini yayımlayıb. Özü 1967-ci ildə Tallində keçirilən Beynəlxalq Caz festivalında Vaqif Mustafazadə ilə görüşüb və ona radioda 3 – hələ sağlığında – 1978-ci ildə bir, 1985-ci ildə isə iki proqram həsr edib. Albom həmin bu üç proqramın cəmindən ibarətdir.

14 unikal interpretasiya

AAMF-in ən maraqlı və ən dəyərli işlərindən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-da ilk dəfə olaraq bəstəkar Tofiq Quliyevin fortepiano üçün işlədiyi “Qaytağı” əsərindən ibarət kitabların nəşri oldu. Nəşrin baş redaktoru ABŞ-ın Massaçusets ştatında yaşayan tanınmış piano ifaçısı, Azərbaycanın Əməkdar artisti Emil Əfrasiyabdır. AAMF Asəf Zeynallının "Muğam stilində fantaziya” əsərinin ən yaxşı ifaçısını təyin etmək üçün online müsabiqə də keçirib. Dünyanın müxtəlif guşələrində bu bənzərsiz əsərin 14 unikal interpretasiyası ortaya çıxıb. Müsabiqə nəinki peşəkar ifaçıların, həm də Asəf Zeynallı kimi gözəl bəstəkarın dünya musiqiçilərinə yenidən tanıdılması üçün böyük addım oldu.

“Emillə nahar”

– Bildiyim qədərilə cazla bağlı başqa tədbirləriniz də olub.

– 2020-ci ilin mayında pianoçu Emil Əfrasiyab və ifaçı Leyla Babayeva-Əfrasiyabın birlikdə çox gözəl konsertini – “Lunch with Emil”i  təşkil etdik. Konsertin digər layihələrimizdən fərqi ondan ibarət idi ki, burada Emil Əfrasiyabın xalq mahnıları və digər Azərbaycan bəstəkarlarının əsərlərinin yeni işləməsi səslənmişdi. Çox uğurlu və son dərəcə maraqlı bir konsert keçmişdi.

Beynəlxalq bəstəkarlar müsabiqəsi

Bundan başqa, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətlə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin sədri Nərgiz Əliyarovanın təşəbbüsü ilə 2021-ci ilin yanvarında beynəlxalq bəstəkarlar müsabiqəsi elan etdik. Məqsəd bəstəkarın əsərlərini plagiatdan qorumaq və Azərbaycan mədəniyyətini təbliğ etmək idi. Müsabiqədə Üzeyir bəyin əsərlərindən seçilmiş melodiyalar əsasında orijinal əsərin yazılması və adlıqda mənbənin qeyd olunması əsas şərtlərdən biri idi. Müsabiqənin nəticələri bu ilin 18 sentyabrında açıqlanacaq.

Qarabağa sülh, sevgi və ümid

Bizim qürur yerimiz olan qələbə günümüzə həsr olunan layihəni xüsusilə qeyd etmək istəyirəm. 2020-ci ilin 8 noyabrında qələbə ilə nəticələn 44 günlük müharibənin şərəfinə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı incəsənət xadimlərinin yaratdığı “Qarabağ uğrunda” həmrəylik cəmiyyəti və şəxsən mənim təşəbbüsüm və təşkilatçılığımla “Qarabağa sülh, sevgi və ümid” adlı qlobal xeyriyyə konserti keçirildi. Layihənin üzərində dünyanın bir çox ölkələrinin incəsənət xadimləri işləyib, bədii rəhbəri isə özüm oldum. Həmçinin bu layihənin həyata keçməsində Amerikada fəaliyyət göstərən Diaspor təşkilat liderlərinin çox böyük əməyi olub.

Qara Qarayev əsərləri orqanda

– Sizin Qara Qarayev yaradıcılığına da xüsusi sevginiz var.

– 2016-cı ildə Hollandiyanın Rotterdam şəhərində  “Grote of Sint-Laurenskerk” kilsəsində Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Tahirə Yaqubovanın Qara Qarayevin fortepiano üçün yazdığı əsərlərin və eyni zamanda baletlərindən parçaların orqan aləti üçün işləmələrini ifa edib, CD yazdırdım. Bu, Q.Qarayev irsinin dünyaya tanıdılması üçün gözəl addım idi.

Əsas məqsəd

– Fondun yaradıcısı və təsisçisi olaraq üzərinizə çox böyük işlər götürmüsüz. Bu işlərin başlıca məqsədi nədir?

– Əsas işimiz Azərbaycan və Amerika arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və inkişafıdır. Həmçinin Amerika musiqisini Azərbaycanda, Azərbaycan musiqisini Amerikada təmsil etmək və tanıtmaqdır. Görəcəyimiz işlər planı genişdir. Layihələri bir-bir həyata keçiririk. Biz bu işdən həm də mənəvi zövq alırıq.

Mənbə: Kaspi.az